Kritik proses: azərbaycanlıların Rusiyadan kütləvi köçü başlayır?

“Mash” teleqram kanalının yaydığı məlumata görə, Rusiyanın Moskva vilayətində miqrantlara qarşı kütləvi reydlər başlayıb. Elektrostalda yerləşən “Wildberries” anbarında Rusiya Qvardiyası və polis əməkdaşları yoxlama aparıblar. Görünür, “Krokus” terrorunun iştirakçılarının taciklər və başqa millətlərdən olması Rusiyada miqrantlara qarşı hücuma səbəb olub.

Bir müddət öncə rusiyalı jurnalist Vladimir Solovyov sözügedən terror aktında “azərbaycanlı izi”nin axtarılması ilə bağlı absurd iddia səsləndirmişdi.

Maraqlıdır, azərbaycanlıların oradan kütləvi köçü başlaya bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Vladimir Solovyov hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilir:

“Belələri bütün məsələlərlə bağlı çaşdırıcı, manipulyativ şərhlərə yer verirlər. “Krokus” terrorunda taciklərin iştirakı Rusiyadakı slavyan milliyyətçilərinin etnik mənada dözümsüzlüyü təbliğ edən çağırışlarına səbəb ola bilər, amma bunun geniş xarakter alacağını düşünmürəm.

Rusiyada uzun illərdir ki, müxtəlif millətlərin nümayəndələri işləyir. Ona görə də etnik zəmində qarşıdurmalar Moskva üçün maraqlı deyil. Bu tip qarşıdurmalar olsa belə, Rusiya mərkəzi dövlət aparatı prosesin geniş vüsət almasına imkan verməyəcək. Məsələn, Solovyov dəfələrlə Azərbaycan əleyhinə fikirlər səsləndirib. Lakin Kreml hər zaman Bakı və Moskva arasında iqtisadi, siyasi və ticari əlaqələrin yüksək səviyyədə olduğunu həmişə vurğulayıb. Buna görə də oradan azərbaycanlıların hər hansı formada köçünün olacağını düşünmürəm”.

Safura Bənnayeva
Globalinfo.az