Azərbaycanlılar Gürcüstana axışır – ayda 2 mindən başlayan maaş…

“Gürcüstan iqtisadiyyatında vəziyyət kifayət qədər yaxşıdır: 2022-ci ildə ÜDM 10,4%, 2023-də 7%, 2024-cü ilin 1-ci rübündə isə 8,4% artıb. İşsizlik yox dərəcəsindədir, hətta hamı işçi axtarır, maaşlar yüksəlib. Doğrudur, son 3-4 ildə qiymətlər də artıb, artıq Gürcüstan Azərbaycandan ucuz deyil, hətta bir çox sahələrdə daha baha ölkədir, amma maaşların yüksəlməsi, inflyasiyanın son ildə 1% civarında olması ölkədə iqtisadi vəziyyətə xeyli müsbət təsir göstərib”. 

Globalinfo.az xəbər verir ki, bu fikirlər Gürcüstanda səfərdə olan iqtisadçı ekspert Natiq Cəfərli yazıb.

İqtisadçı sosial şəbəkə hesabında qeyd edib ki, gürcülər Avropa Birliyi ölkələrinə vizasız gedə bilirlər deyə, ölkənin işçi qüvvəsinin bir hissəsi Avropaya üz tutub.

Onun sözlərinə görə, tikintidə çalışanlar, maşın, telefon ustaları, TIR sürücüləri və bir çox başqa peşə sahibləri Polşa, Almaniya və s. ölkələrdə yüksək qazanclı iş tapırlar. Nəticədə Gürcüstanda işçi çatışmır:

“Ona görə də əvvəllər iş tapa bilməyən soydaşlarımızın hamısı indi Tiflis və digər şəhərlərdə 1500-2000 lari arası maaşı olan işi rahatlıqla tapa bilirlər. Hətta 1500 lari maaş artıq cəlbedici deyil, hamı 2000 və daha yuxarı maaşlı iş axtarır”.

Natiq Cəfərli iddia edir ki, Gürcüstan biznes cənnətinə çevrilir:

“Kiçik sahibkarlar, illik dövriyyəsi 1 mln. lariyə qədər olanlar dövriyyədən cəmi 1 faiz vergi ödəyib rahat işləyirlər. Biznes üçün çox sərfəli kredit şərtləri var, aqrar sektora da banklar uzunmüddətli və aşağı faizli kredit verirlər. Turizm sahəsi isə pandemiyadan öncəki səviyyəni keçib – keçən il 7 mln. turist qəbul edib, turizmdən 4 mlrd. dollar qazanıblar, bu ilə hədəf 8 mln. turist və 4,5 mlrd. dollardır”.

Ekspertin sözlərinə görə, illər öncə Azərbaycana üz tutan Gürcüstandakı soydaşlarımız geri qayıtmağa başlayıb:

“Yaxın qohumlarımdan son 2-3 ildə azı 10 nəfərə yaxını geriyə, Gürcüstana qayıdıb. Onu da deyim ki, kəndlərin hamısında işıq-qaz-su problemi, demək olar ki, tam həllini tapıb, seçilmiş bələdiyyələr arı kimi çalışırlar, hətta kəndlərdə belə gecə işiqlandırma var, bələdiyyə hesabına küçələri işıqlandırırlar”.

O, bildirib ki, gürcülər hakim “Gürcü Arzusu” partiyasından bizdə təsəvvür edildiyi kimi, narazı deyillər, Saakaşvilini də bizdəki kimi sevmirlər:

“Gürcüstanın problemləri, təbii ki, var – demoqrafiya pis vəziyyətdədir, torpaqları işğal altındadır, yaranmış fürsətlərdən tam istifadə etmirlər, tənbəldirlər, amma yolları doğrudur, cəmi 10 ildən sonra çox irəlidə olacaqlar”.

Globalinfo.az