Azərbaycanlılar Göyçədə məskunlaşacaq – Ermənilər təşvişdə

“Bakı və İrəvan arasında sülh sazişinə dair ilkin sənəd imzalana bilər və bu sənəd Azərbaycanın Zəngəzurla bağlı hədəflərinə nail olmaq imkanı verəcək”.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Armen Bağdasaryan deyib.

Onun sözlərinə görə, sənəddə azərbaycanlı qaçqınların geri qayıdışı əks oluna bilər: “Bu sənədə əsasən azərbaycanlılar Sevanda (Göyçə) addım-addım məskunlaşmağa başlayacaq”.

Bağdasaryan qeyd edib ki, Rusiya Ermənistanı qorumadığı kimi, Paşinyan hakimiyyətinin Qərbə bel bağlaması da heç nəyi dəyişdirməəcək.

“Ermənistan illüziyaların arxasınca hərəkət edir. Halbuki, təhdid mövqcud olanda Qərbin bununla üzləşmək üçün nə resursu, nə də həvəsi var. Qərbin maraqları tamamilə başqadır və Türkiyə ilə Azərbaycan onun üçün Ermənistandan qat-qat önəmlidir”, – o deyib.

Erməni politoloq qeyd edib ki, ATƏT PA-nın iclasında Rusiya, Türkiyə və Azərbaycanın iştirak etməməsi bu üç ölkənin Ermənistana qarşı eyni mövqedən çıxış etdiyinə işarə idi:

“Hər üç ölkənin maraqları üst-üstə düşür, İran isə qəti şəkildə üçüncü tərəfin, yəni Qərbin bölgədə olmasını istəmir. Region ölkələrinin mövqeyi bəllidir. Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, bu sülhü öz maraqlarını güdən Qərbin deyil, regional oyunçuların iştirakı ilə regionun daxilində axtarmalıdır.

Qərb platformasında hansısa sənəd imzalana və bu razılaşmalar Ermənistan üçün sərfəli görünə bilər. Lakin reallıq budur ki, belə bir razlaşma olsa belə, praktiki olaraq işləməyəcək. Türkiyə, Rusiya və İranın iştirakı ilə regionda imzalanacaq razılaşma Ermənistanın ürəyində olmasa belə, bu, mütləq praktikada da icra olunacaq. Yəni Ermənistanın təhlükəsizliyi bundan ibarətdir”, – Bağdasaryan bildirib.