“Kəpəz”in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatları bəlli olub.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yarımmüdafiəçi dostunu qorumaq üçün özünü irəli verib.
Belə ki, o, dostu və iki xanımla birlikdə Gəncədəki restoranların birində əylənirmiş. Gecə saatlarında isə onlar restoranı tərk ediblər. Təxminən 04:00 radələrində futbolçu, dostu və xanımlarla birgə evə yollanıb.
Yolda isə həmin xanımlardan birinin keçmiş sevgilisi onların qarşısını kəsib. Həmin şəxs Veysəlin dostu ilə mübahisə etdikdən sonra ona bıçaq zərbəsi endirməyə çalışıb. V.Rzayev isə dostunu qorumaq üçün özünü irəli verib və bıçaq ona dəyib.
Nəticədə futbolçu ağır yaralanıb.
Maraqlıdır ki, Veysəlin yanındakı dostu da “Kəpəz”in keçmiş futbolçusu Nihat Fərəcidir. Hazırda o, İkinci liqada mübarizə aparan “Şəki Siti” klubunda çıxış edir.
“Kəpəz”in Mətbuat xidmətindən verilən açıqlamada futbolçunun vəziyyətinin ağır olduğu bildirilib:
“Bəli, futbolçumuz Veysəl Rzayev bıçaqlanıb. Amma hadisənin səbəbi bəlli deyil. Hələ ki bu barədə məlumat yoxdur. Futbolçumuzun vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur”.
X X X
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur. O, “Turan Tovuz” futbol klubundan transfer edilib.
Faktla bağlı araşdırma aparılır.