Azərbaycanlı ən yüksək səslə deputat seçildi – FOTOLAR

 

Saxa-Yakutiya Respublikasında (RF) yaşayan tanınmış soydaşımız Əliş Zabid oğlu Məmmədov 10 sentyabr 2023-cü ildə keçirilən deputat seçkilərində qalib gələrək, ardıcıl olaraq 4-cü dəfə Saxa Dövlət Məclisinin – İl Tümənin üzvü seçilib. Onun topladığı səs faizi (84,53%, 25 saylı Xanqala Seçki Dairəsi) Saxa (Yakutiya) üzrə ən yüksək göstəricidir.

Globalinfo.az xəbər verir ki, bu barədə onun dostu Əkbər Qoşalı bildirib.

Əliş Məmmədov (10 fevral 1958-ci il, Oraban, Şəki) 1989-cu ildən “YakutSement”in baş direktorudur.

Soydaşımız Saxa (Yakutiya) Respublikasının Əməkdar inşaatçısı, respublikanın (habelə Xanqala rayonu və Moxsoqolloh qəsəbəsinin) fəxri vətəndaşıdır.

Dəfələrlə müxtəlif dövlət, hökumət təltiflərinə, o cümlədən Saxa Dövlət Mükafatına layiq görülüb.

Soydaşımız Saxa (Yakutiya) Respublikasında xeyriyyəçi kimi də geniş şöhrət qazanıb.

Doğma Azərbaycanın adını həmişə uca tutan Əliş Məmmədov, Saxa (Yakutiya) Respublikası Azərbaycanlıları Diaspor Təşkilatının başqanı, Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri üzvüdür. O, Saxa ilə Azərbaycan arasında ictimai-mədəni işbirliyinin güclənməsində, habelə saxalılara Azərbaycan mədəniyyətini yaxından tanıtmaq sahəsində özünəxas xidmətlər göstərib.

Hörmətli soydaşımızı parlaq qələbəsi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, iş avandlığı və yeni uğurlar diləyirik!

Malik Liftiyev
Globalinfo.az