Azərbaycanlı bloger Rusiyaya belə aparıldı – VİDEO

Azərbaycanlı bloger Rusiyaya ekstradisiya edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

Azərbaycan hüquq-mühafizə orqanları Rusiya Baş Prokurorluğunun tələbi ilə 18 yaşlı bloger və “Jizn brodyaqi” Telegram kanalının administratoru Tural Məmmədovu Rusiyaya ekstradisiya edib.

Tural Məmmədov, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci bəndi (bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zorakılıq tətbiq etməklə törədilən xuliqanlıq), həmçinin, 282-ci maddə (informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək nifrətin qızışdırılmasına yönəlmiş hərəkətlər) ilə məsuliyyətə cəlb olunacaq.

Məlumata görə, Tural Məmmədov dostları ilə birlikdə Sankt-Peterburqun müxtəlif ərazilərində yoldan keçənləri dəfələrlə açıq şəkildə döyüb, baş verənləri videoya çəkib, sonra isə görüntüləri “Telegram”da yerləşdirib.

Şübhəli Rusiya hüquq-mühafizə orqanlarından yayındığı üçün məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. Rusiya Federasiyası Baş Prokurorluğu onu beynəlxalq axtarışa verib.