Azərbaycanlı avtoritetə 21 il həbs cəzası verildi – FOTO

Moskvada məhkəmə kriminal iyerarxiyada ən yüksək mövqe tutmaqda təqsirli bilinən azərbaycanlı “qanuni oğru” Hacı Beyləqanskini 21 il müddətinə azadlıqdan məhrum edib.

Globalinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Lenta.ru Rusiya İstintaq Komitəsinin Moskva idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Söhbət kriminal dairələrdə “qanuni oğru” Hacı Beyləqanski kimi tanınan Talıbxanlı Hacıbaba Tahir oğlundan gedir”, – deyə Lenta.ru-nun hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib.

Məhkəmə müəyyən edib ki, Hacı Beyləqanski 2012-ci ildə “Rusiya cinayətkar dünyasının kralı” Aslan Usoyanın (Ded Xasan) şəriki – İlqar Əliyevin aradan götürülməsinə görə tac alıb. İlqar Əliyev 2012-ci ildə Moskvada Presnenski Valda izlənilib və ona bir neçə güllə atılıb. Bu cinayətə görə Hacı Beyləqanski 2020-ci ildə 19 il müddətinə azadlıqdan məhrum edilib.

21 il həbs cəzası alan azərbaycanlı “qanunu oğru” xüsusi rejimli həbsxanaya göndəriləcək.