ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata görə, Amerikanın dövlət borcu 35 trilyon dolları keçib. Bu məbləğin 2035-ci ildə 50 trilyon dollara çata biləcəyi bildirilir. Maraqlıdır, Amerika kimi qüdrətli bir dövlət niyə bu qədər borclansın?
Ekspertlər deyir ki, dövlətin xarici borclanması yaxşı haldır.
Sual yaranır: Azərbaycanın nə qədər borcu var?
Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı ekspert Elçin Qurbanovun dediklərinə görə, ABŞ büdcəsinin əvvəlcə debitor və kreditorlarına diqqət etsək görərik ki, büdcə üçün heç bir təlatümə səbəb yoxdur.
İqtisadçı deyib ki, ABŞ-ın xarici borclarının həcmi Amerikaya olan xarici borcların ortalama həcminin cəmi 11-12 faizini təşkil edir:
“ABŞ-ın əsas borcu daxili borclardır – Mərkəzi Banka, investisiya fondlarına, sığorta şirkətlərinə və digər maliyyə qurumlarına. Amerikanın ümumi (daxili və xarici) borcu ilə ABŞ-a olan ümumi borc arasında təxminən 48 faiz müsbət saldo yaranır. ABŞ büdcəsinin pul kapitalının vəziyyəti heç bir təhlükə ilə üz-üzə deyil. Bu, yalnız siyasi məqsədlərə söykənən propaqandadır. Dövlətlər də fərdlər kimi həm təhlükəsizlik, həm də iqtisadi maraqlarını təmin etmək üçün maliyyə siyasətindən istifadə edirlər. ABŞ-ın xarici borclarında ən yüksək pay Yaponiyaya, Çinə, daha sonra isə Luksenburq, Kanada, Britaniya, İrlandiyanın payına düşür. Necə deyərlər, borclu borclunun sağlığı üçün həmişə narahatdır”.
E.Qurbanov Azərbaycanın xaricə olan borcları haqda danışıb:
“Dövlət borclarının idarə edilməsi sahəsində xarici borcların daxili borclarla əvəzlənməsi istiqamətində ciddi işlər görülür. Rəsmi statistikaya əsasən, 2024-cü il 1 aprel tarixinə xarici dövlət borcunun həcmi 5507,3 milyon ABŞ dolları ekvivalentində, əvvəlki ilin sonuna isə borcun qalıq vəziyyəti 6480,7 milyon manat təşkil edib”.
Zaira Akifqızı