“Şimal-Cənub” nəqliyyat dəhlizi, şübhəsiz ki, Süveyş kanalına alternativ kimi mövqeləşməkdə iddialıdır və bu ölkələrimiz üçün böyük perspektivlər açacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın Rusiya ilə sərhəddə gömrük məntəqəsinin istifadəyə verilməsini şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, İqtisad üzrə elmlər doktoru Elşad Məmmədov deyib.
Elşad Məmmədov
İqtisadçı bunun hazırkı şəraitdə çox önəmli hadisə olduğunu vurğulayıb:
“Yüksək texnoloji tutumlu gömrük məntəqəsinin istifadəyə verilməsi beynəlxalq nəqliyyat dəhlizi üzərindən yükdaşımaların sürətlənməsini, sərhəd keçidi prosedurlarının sadələşdirilməsini və nəqliyyat vasitələrinin sıxlığının qarşısının alınmasını təmin etməlidir.
Bu gün cənub qonşumuzla aramızda dəmiryol xəttinin fəaliyyət göstərməməsi dəhlizin tam gücü ilə işləməsinə imkan vermir. Bölgədə dayanıqlı iqtisadi inkişafın həyata keçirilməsi üçün isə bu xətt vasitəsi ilə Azərbaycan və İran üzərindən Moskva və Dehlinin əlaqələndirilməsi məqsədəuyĝundur.
Dəhlizin tam gücü ilə işə düşməsi bölgənin bütün ölkələrinin sonrakı uzun illər ərzində iqtisadi inkişafına güclü təkan verəcək”.