Lavrov Zəngəzur dəhlizindən danışdı

Ermənistandan keçərək Azərbaycanla Naxçıvanı birləşdirəcək marşrutun bərpasına alternativ yoxdur.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

Lavrov bu marşrutun açılmasına nəyin maneə olmasını bilmədiyini söyləyib.

“Son günlər Azərbaycan və Ermənistan liderləri öz ictimai çıxışlarında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunması məsələsinə toxunublar. Ermənistan Baş naziri Paşinyan çıxışında Zəngəzur dəhlizinin qətiyyətlə əleyhinə olduğunu bəyan edib. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında qeyd olunub ki, regionda bütün kommunikasiyalar açılır və Ermənistan tərəfi Azərbaycanla Naxçıvan arasında kommunikasiyanın açılması öhdəliyini öz üzərinə götürüb və razılaşmaya görə həmin kommunikasiyanın təhlükəsizliyini Rusiya FTX-nin sərhəd qoşunları təmin etməlidir”, – deyə Lavrov qeyd edib.