Gürcüstan dəmir yolları vasitəsilə Azərbaycandan Ermənistana yüklərin tranzit daşınması üçün ilkin qiymət nisbətən yüksək və rəqabətqabiliyyətli deyil, lakin danışıqlar hələ də davam edir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “Azadlıq Radiosu”nun erməni xidmətinə müsahibəsində bildirib.
“Bir tərəfdə Gürcüstan dəmir yolu şirkəti, digər tərəfdə isə buğda və ya benzini idxal edən şirkətlər var. Təbii ki, onlar danışıqlar aparmalı və ən yaxşı variantı tapmalıdırlar”, – nazir qeyd edib.
Papoyan deyib ki, o, bu məsələlərlə birbaşa məşğul olmur.
Papoyan əlavə edib ki, əgər Azərbaycan tərəfi hazırdırsa, bu üsula keçə bilərlər.
Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstan dəmir yollarında tranzit tarifləri məsələsinə toxunaraq bildirib ki, əgər bu məsələ həll olunmasa, biznes subyektlərinin idxal və ixracı təmin etmək üçün alternativ yollar axtarması məntiqli olar.