Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib ki, rəsmi Bakı BRİKS-ə daxil olmaq üçün rəsmi müraciət edib.
Xatırladaq ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRİKS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
Mövzunu Globalinfo.az-a şərh edən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, bu gün dünyada baş verən qanlı olaylar, hərbi toqquşmalar, gərginliklər və digər mənfi meyillərin kökündə dövlətləri faizə bağlayan, daimi borclandırma siyasəti yürüdən petrodollar sisteminin çöküş prosesinə qədəm qoyması və bunun nəticəsi olaraq yeni dünya düzəninin qurulması dayanır:
“Bu proses geosiyasi dağıntılarla müşahidə olunur və bütün dövlətlərin milli maraqları, təhlükəsizliyi təhdid altındadır. Hər bir dövlət öz milli təhlükəsizliyini təmin etmək və onu təhdid edən amillərdən sığortalanmaq üçün müxtəlif platformalardan yararlanmaq və ittifaqlarda təmsil olunmaq istəyir. Çünki heç bir dövlət təkbaşına bu təhdidlərdən özünü sığortalaya bilməz. Bu baxımdan geosiyasi böhranı öz lehinə çevirərək əsas problemini – işğalda olan torpaqlarını azad etməklə həll edən Azərbaycan dünyada nümunə yaradan ölkələrdəndir. Bu, doğru siyasətin təzahürüdür”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, təkqütblü dünyanı sona çatdıracaq faktorlar da məhz ittifaqlar və qlobal miqyasda gücə çevriləcək təşkilatlardır:
“Bunun dünya səhnəsində olan və potensial praktiki mexanizmlərə malik nümunəsi Avrasiya İqtisadi İttifaqı və BRİKS-dir. Bu iki təşkilat petrodollar sisteminin çöküşünü sürətləndirəcək əsas güc mərkəzləridir. Bu baxımdan Avrasiya İqtisadi İttifaqı və BRİKS ABŞ-ı ciddi şəkildə narahat edir. Bu da dünyada müharibələrə, gərginliklərə, iqtisadi böhranlara və digər süni problemlərə rəvac verir. Amma dünya elə mərhələyə çatıb ki, artıq geridönüş mümkün deyil və təkqütblü dünya dönəminin başa çatması qaçılmazdır. Ona görə də dövlətlər günlük deyil, uzaq perspektivə hədəflənən siyasət yürüdürlər. Avrasiya İqtisadi İttifaqı və BRİKS perspektivi olan təşkilatlar kimi dövlətlərin diqqətini cəlb edir və burada təmsil olunmaq istəyirlər. Hesab edirəm ki, Azərbaycanın BRİKS-lə bağlı addımı tamamilə doğrudur, uzaqgörən siyasətin nəticəsi olaraq önə çıxır”.
Əli Zülfüqaroğlu
Ə.Zülfüqaroğlu əlavə edib ki, ABŞ-ın FED-in idarə etdiyi indiki hakimiyyəti mümkün bütün variantlardan istifadə etməklə bu prosesi əngəlləməyə çalışır:
“Xüsusilə Vaşinqton Avropa İttifaqına təzyiqlərini artırır ki, ABŞ-ın boyunduruğundan çıxmağa çalışmasın. Təbii ki, ABŞ Avrasiya İqtisadi İttifaqı və BRİKS-lə bağlı pozucu fəaliyyət yürüdəcək və ciddi təzyiqlər edəcək ki, bu təşkilatlar güclənməsin”.
Ekspert diqqətə çatdırıb ki, Avropa İttifaqı ölkələri arasında ciddi fikir ayrılıqları var və Azərbaycan bunu çox yaxşı görür:
“Xüsusilə NATO üzvü olan Avropa İttifaqı ölkələri arasında Ukrayna və digər mövzularda ciddi fikir ayrılıqlarının olduğunu və bunun parçalanma perspektivi yaratdığını müşahidə edirik. Hazırda dövlətlər köhnəlmiş və müasir dönəmin çağırışlarına tam cavab verə bilməyən təşkilatların deyil, öz maraqlarını əsas götürür və bu istiqamətdə siyasət yürüdürlər. Buna misal olaraq Şərqi Avropa ölkələri ilə Fransa arasında olan problemləri, NATO-nun ikinci ən güclü ordusuna sahib olan Türkiyə ilə NATO-nun doktrinasına görə düşmən ölkə sayılan Rusiyanın münasibətlərini və s. misal göstərmək olar. Bu baxımdan getdikcə dərinləşən və daha fəlakətli dönəmə qədəm qoyacaq perspektiv üçün dövlətlər öz maraqlarını əsas götürəcəklər. Xüsusilə Avropa İttifaqının bir sıra ölkələri yaxın perspektivdə daha çox ehtiyac duyulacaq enerji, qida və digər istiqamətlərdə əməkdaşlıq etdikləri dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətləri pozmamağa çalışacaqlar. Dolayısı ilə Azərbaycan son dərəcədə mükəmməl, uzaq perspektivə hesablanan fəaliyyət yürüdür və bütün təhdidləri neytrallaşdırmaq potensialına sahibdir”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi;
Safura Bənnayeva
Globalinfo.az