Azərbaycandakı Rusiya agentləri səssiz rejimə keçib – Casus şəbəkəsi haqda şok detallar

WhatsApp Image 2023 11 28 at 14.25.02

Azərbaycan İran agenturasını xeyli zərərsizləşdirdi. Hazırda ABŞ agenturasına qarşı xüsusi əməliyyat keçirilir. Rusiya agenturası isə Azərbaycanda son illər, demək olar, baş qaldırmır. Lakin buna baxmayaraq, sözügedən şəbəkələr daim nəzarətdə saxlanılır.

Globalinfo.az-a danışan Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə qeyd edib ki, öz milli, mədəni, dini, hüquqi adət-ənənələrinin və qaydalarının təbliğ olunması və xoş münasibət formalaşdırılması üçün xarici agentura şəbəkəsi qurmaq geniş yayılmış mexanizmlərdəndir:

“Müxtəlif qüvvələr müxtəlif adlar altında bu siyasətlərini həyata keçirməyə çalışırlar. Əsasən din, mətbuat və qeyri-hökumət sahələrini seçirlər. Burda söhbət dövlətə xəyanət və xarici dövlətlərin kəşfiyyatları tərəfindən ələ alınaraq birbaşa həmin ölkəyə casusluq edən fəaliyyətdən (əməldən) getmir. Belə hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət əməli sayılır. Söhbət xarici dövlətlərin hökumətlərindən, partiyalarından, fondlarından və ayrı-ayrı şəxslərindən maliyyə yardımı alan (almış) və onların maraqlarına xidmət göstərən şəxslərdən və şəbəkələrdən gedir.

Yalçın Hacızadə

Təəssüf ki, ölkəmizdə də belə şəbəkələr olub və dövlət tərəfindən tədbirlər görülməsinə baxmayaraq fəaliyyətlərini davam etdirirlər. Uzun müddət Rusiyanın əsarətində olmağımıza görə rusiyapərəst qüvvələr daha çox aktivlik edirdilər. Sosializm, kommunizm və avrasiyaçılıq fəlsəfəsini təbliğ edərək, Sovet İttifaqının bərpa olunmasını arzulayırdılar. Belə şəxslər ictimaiyyətlə yanaşı çox yüksək dövlət vəzifələrində də təmsil olunurdular. İkinci Qarabağ müharibəsindən əvvəl və sonra belə şəxslərin çoxu dövlət tərəfindən zərərsizləşdirildi. Eyni zamanda, Rusiyanın zəifləməsi ilə belə şəxslərin bəziləri səssiz rejimə keçib”.

Ekspertin sözlərinə görə, bu gün aktiv fəaliyyət göstərən daha bir agent şəbəkəsi Qərb ölkələrindən qidalanan media, qeyri-hökumət təşkilatları və özlərini “siyasi şərhçi” kimi təqdim edən şəxslərdir:

“Qərb ölkələri, əsasən ABŞ bu sahədə missionerlik fəaliyyətini insan hüquqları, demokratiya kimi universal dəyərlər adı altında həyata keçirirlər. Onlar bu prinsiplərdən öz imperialist maraqları üçün istifadə edirlər. Bu məsələlərə ikili yanaşma tətbiq edərək, maraqları təmin olunan ölkələrdə insan hüquqları, demokratik prinsiplərin pozulmasına göz yumur, maraqlarını təmin etmək istəməyən, müstəqil siyasət aparan ölkələrdə bu məsələlər daim qabardılaraq, gündəmə gətirilərək təsiretmə vasitəsi kimi istifadə edilir”.

O qeyd edib ki, İran və Qərb agentura şəbəkələri müəyyən ideologiya əsasında formalaşsa da, rusiyapərəstlərin hər hansı bir ideologiyası olmadığı görünür:

“Lakin onların əsas yanaşması keçmiş Sovet İttifaqı konseptini təbliğ etmək, Rusiya dövlətinin xalqımızın, dövlətimizin başına gətirdiklərini unutdurmaq, guya bugünkü Rusiyanın bizə baxışının başqa olduğunu, mənafeyimizə uyğun, dost ölkə olduğunu təbliğ etməkdir.

Təəssüf ki, uzun müddət hər üç agentura şəbəkəsinin qurulmasına, inkişaf etməsinə bəzi məmurlar tərəfindən göz yumulub, hətta inkişaf etməsinə şərait yaradılıb. Qarabağ müharibəsindəki zəfərdən sonra xalqımız özünün gerçək dostunu, düşmənini daha yaxından tanıdı. Ona görə belə qüvvələrin dövlətimiz üçün böyük təhlükə olduğunu hesab etmirəm, amma fəaliyyətləri göstərməmələri, inkişaf etməmələri üçün tədbirlər görülməsi vacibdir”.

Safura Bənnayeva
Globalinfo.az