“2025-ci il Azərbaycanda sosial inkişafın dayanıqlığının gücləndiyi, dövlət siyasətinin daha çox insan kapitalı, ailə institutu və gender bərabərliyi üzrə inteqrasiya olunmuş modelə keçdiyi mühüm bir dövr kimi xarakterizə olunur”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü çıxışnda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradova deyib.
Komitə sədri bildirib ki, bu dövrdə əldə olunan nəticələr statistik göstəricilər olmaqla yanaşı, dövlət qurumları arasında koordinasiyanın dərinləşməsi, rəqəmsal idarəetmənin genişlənməsi və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın institusional xarakter alması kimi strateji dəyişikliklərin nəticəsidir:
“Ötən il Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş, “Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” bu sahədə yeni mərhələ açmaqdadır.
Fəaliyyət Planı ilk növbədə:
– qadınların sosial-iqtisadi fəallığının artırılmasını,
– təhsildə və əmək bazarında bərabər imkanların genişləndirilməsini,
– iqlim və rəqəmsal transformasiya proseslərində gender yanaşmasının gücləndirilməsini prioritet istiqamətlər kimi müəyyən etmişdir.
Bu yanaşma göstərir ki, dövlətimiz gender bərabərliyini sosial siyasətin və ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edir.
Dünya Bankının “Women, Business and the Law” hesabatında Azərbaycanın göstəricisinin 78,8-dən 85-ə yüksəlməsi həyata keçirilən islahatların beynəlxalq miqyasda da tanındığını təsdiqləyir.
Sosial tendensiyalar və ictimai dayanıqlığa gəldikdə qeyd etməliyəm ki, gender əsaslı və sosial risk göstəricilərində müşahidə olunan dinamika dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlərin daha səmərəli nəticə verdiyini ortaya qoyur.
Bu özünü müraciətlərin azalması, mühafizə orderlərinin artması və erkən müdaxilə mexanizmlərinin genişlənməsi kimi bir-birini tamamlayan tendensiyalarda göstərir.
Bunu Dövlət Komitəsinə nə, müvafiq qurumlara, qaynar xətt xidmətlərinə daxil olan müraciətlər, nikah ,doğum, gender əsaslı cinayət və hüquqpozmaların statistikası sübut edir.
Misal üçün: 18 yaşadək analar və erkən evlilik üzrə göstəricilərin son üç ildə təxminən 50%-ə yaxın azalması xüsusi qeyd olunmalıdır.
Bu nəticə yalnız hüquqi tədbirlərin deyil, həm də təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsinin və ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsidir”.
Safura Bənnayeva
Globalinfo.az