Azərbaycanda xaos hazırlığı: iğtişaş planları necə deşifrə olunub? – Gizlinlər açılır

Sanki cəmiyyətin sosial problemlərə yönləndirilməsi istiqamətində süni proses aparılır. Böyük qələbənin unutdurulması, sosial məsələlərin qabardılması, ölkədə gərginliyin artırılması istiqamətində ilk baxışdan hiss etmədiyimiz, amma alt qatlarda iş aparıldığı hər kəsə məlumdur. Maraqlıdır, bu, hansı qüvvələr tərəfindən idarə olunan prosesdir?

Qərblə münasibətlərin gərginləşdiyi vaxtda Avropadan, ABŞ-dan Azərbaycana qarşı bu istiqamətdə təhlükə gözlənilirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, XXI əsrdə öz ərazi bütövlüyü və suverenliyini tam, qəti və əbədi olaraq təmin etmiş yeganə dövlət Azərbaycan dövləti, yeganə xalq bizim xalqımız, yeganə Ali Baş Komandan da İlham Əliyevdir.

O, bunun xüsusi isbata ehtiyac olmadığını bildirib:

“Tarixi zəfərin özəlliyi həm də ondadır ki, biz tarixi qələbəmizlə tarixi ədaləti bərpa etdik, separatizmin kökünü kəsdik, terrorizmə ölümcül zərbə endirdik. Bu baxımdan qələbəmizin mahiyyəti lokal və regional səviyyəni aşır, qlobal məzmun kəsb edir. Təəssüf ki, qazandığımız qələbə səbəbindən yuxusuna haram qatılan xeyli qüvvələr var. Onlar süni şəkildə tarixi zəfərə kölgə salmağa çalışırlar. Əllərindən gələni edirlər ki, qələbəmizi unutdursunlar, unudulması istiqamətində addımlar atsınlar, daha çox sosialyönlü məsələləri qabartsınlar, Azərbaycan cəmiyyətində mövcud həmrəyliyi pozsunlar, səfərbər olmuş cəmiyyətə zərbələr endirsinlər və xalq-hakimiyyət birliyinin əsaslarını dağıtsınlar. Bu, onların çirkli niyyətləridir”.

Deputat deyib ki, həmin xarici və onların əlaltısı olan yerli qüvvələr gecə-gündüz iyrənc missiyanın həyata keçirilməsi ilə məşğuldurlar:

“Reallıq isə başqa bir həqiqəti diktə edir. Sosial məsələlər hər zaman dövlətimizin diqqətindədir. Ölkə rəhbərinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Bu, təkcə sözdə deyil, öz təsdiqini reallıqda da tapır. Parlamentdə 2024-cü ilin büdcəsi təsdiqləndi və bu il üçün bizim xərclərimiz 36,8 milyard manatdır. Burada ən böyük xərclər isə ilk növbədə sosial xərclərdir. 2024-cü ilin dövlət büdcəsində sosial xərclərin payı 43 faiz təşkil edir. Rəqəmlə desək, bu, 15,8 milyard manatdır. 2024-cü ili 2021-ci illə müqayisə etsək, görərik ki, bizim bundan öncə sosial xərclərimiz büdcənin 31,8 faizini təşkil edirdi, 2023-cü ildə isə 40,3 faiz idi. Lakin indi 43 faizə gəlib çatıb. 2023-cü illə müqayisədə büdcədə sosial xərclər 7 faiz artırılıb. Bütün bunlar onu təsdiq edir ki, sosial rifah və əhalinin təhlükəsizliyi məsələləri Azərbaycan dövləti, Azərbaycan iqtidarı üçün strateji əhəmiyyətli məsələdir və bu istiqamətdə də çox ciddi işlər görülür. İndən sonra da ciddi addımlar atılmalıdır. Əhalimizin təhlükəsizliyi prioritet məsələdir və bu məqsəd üçün də büdcəmizin 17,7 faizi onlar üçün ayrılıb. Bu da 6,4 milyard manat deməkdir. 2023-cü illə müqayisədə bu, 366,2 milyard manat artıb”.

Elman Nəsirov

E.Nəsirovun sözlərinə görə, xarici qüvvələrin niyyəti xüsusilə gənclərdən istifadə edərək onların təcrübəsizliyindən bəhrələnmək və Azərbaycan cəmiyyətində siyasi qərginlik yaratmaqdır:

“Müəyyən qüvvələr heç bir halda Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa etməsini qəbul edə bilmirlər. Ermənipərəst qüvvələr bu gün sözün əsl mənasında Azərbaycana qarşı bir səlib yürüşünə başlayıblar. Tarixi qələbəmizi heç cür qəbul etmək istəmirlər. AŞPA-nın son qətnamələri, Avropa İttifaqından gələn səslər, ABŞ Dövlət Departamentindən, Fransa Senatından Azərbaycana uzanan əllər də bu dediyimizi təsdiq edir. Bu məqsədlə də müəyyən media qurumlarından istifadə edirlər, onları maliyyələşdirirlər. Xüsusilə də seçki öncəsi dövrdə onların daha da fəallaşmasına çalışırlar. “Abzas Media”, “Toplum TV” kimi bir jurnalist mərkəzi yaradılıb. Onlar həmin mediaya maliyyə vəsaiti ayırmaqla çalışırlar ki, xüsusi jurnalistlər qrupu formalaşdırsınlar və seçki günü onlar xırda qüsurları şişirdib, milçəkdən fil yaratsınlar və beləliklə, Azərbaycana qarşı beynəlxalq aləmdə təzyiq kampaniyasını genişləndirsinlər. Xalq hər şeyi görür, xalqın gözü tərəzidir. Xalqımız onun fərqindədir ki, qalib dövlətin, qalib xalqın, qalib prezidenti var və xalqımız çox gözlər bilir ki, biz vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə qədər böyük bir yol keçmiş millətik. İndi də bizim bu birliyimizi sarsıtmaq istəyirlər, amma bu, əks nəticə verir”.

Millət vəkili qeyd edib ki, xalq öz dövləti, dövlətçiliyi və prezidenti ətrafında sözün həqiqi mənasında monolit birlik nümayiş etdirir:

“Xalq anti-Azərbaycan dairələrinə müqavimət göstərir və fərqindədir ki, bizim işimiz haqq işidir. Heç kim bizi doğru yolumuzdan döndərə bilməz. Biz öz milli dəyərlərimiz və milli maraqlarımızın qorunması, ləyaqətli dövlət və ləyaqətli millət naminə daha da möhkəm birlik, daha böyük əzmkarlıq nümayiş etdiririk və heç kim bizim bu birliyimizi sarsıda bilməz. Bu gün anit-Azərbaycan dairələri qətnamələr qəbul edirlər. Amma az keçməz, həmin kəslər Azərbaycan dövlət başçından onları qəbul etmələri üçün xahiş edərlər. Avropa İttifaqı ilə də oxşar vəziyyət yaranmışdı və cənab prezidentdən xahiş etdilər ki, onları qəbul etsin. Ölkə başçımız bir müəllim olaraq qarşısında sanki şagirdlər otururmuş kimi onları bir-bir tənqid etdi, qüsur və nöqsanlarını üzlərinə dedi. Onlar da öz qüsurlarını etiraf edərək, bir daha belə qəbahətə yol verməyəcəklərini dedilər. Görünür, AŞPA da eyni taleni yaşamalı olacaq, çünki Azərbaycanla diktə dilində danışmaq heç kimə xeyir gətirməyib. Azərbaycan regionun lider dövlətdir, Azərbaycan qlobal sülhə və təhlükəsizliyə böyük tövfə verən dövlətdir, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətli bir mərkəzdir. Belə olan vəziyyətdə Azərbaycanla münasibətləri korlamaq, Azərbaycanla təzyiq dilində danışmaq, Azərbaycanda sosial problemləri qabardıb və cəmiyyətdə çaşqınlıq yaratmaq niyyətləri puç olacaq. Hesab edirəm ki, gec-tez o qüvvələr öz səhvlərini dərk edib yenidən münasibətlərin bərpası üçün Azərbaycandan xahiş edəcəklər”.

İqtisadçı Natiq Cəfərli deyib ki, müxtəlif ölkələrdə sosial və iqtisadi pisləşmə fonunda təbii ki, kənar müdaxilələrə imkanlar və fürsətlər artır:

Natiq Cəfərli

“Amma Azərbaycanda dəfələrlə buna cəhdlər olsa da, bu, mümkün olmayıb. Çünki istənilən ölkədə köklü səbəblər olmasa, kənardan müdaxilə etmək də mümkün deyil. Belə cəhdlərin olacağı ehtimalı yüksəkdir, digər ölkələr timsalında dəfələrlə olub. Lakin bunun əsas səbəb olduğunu düşünmürəm. Əslində, hökumətin atmalı olduğu adım o olmalıdır ki, sosial-iqtisadi problemlər sürətlə, kifayət qədər effektiv həll olunsun və bununla kənardan müdaxilə etmək imkanları da sıfırlansın”.

Zaira Akifqızı
Globalinfo.az