Əvvəllər düşünürdüm ki, ölkədə mütləq uşaqpulu verilməlidir. Amma zaman keçdikcə fikrim dəyişdi. Çünki bəzi hallarda bu cür ödənişlər məqsədindən kənar istifadə olunur və uşağın özünə deyil, fürsətçiliyə xidmət edir.
Düşünürəm ki, ən doğru yol sosial asılılığı artırmaq yox, bölgələrdə iş imkanlarını genişləndirməkdir. İnsanlar işləyib öz qazancı ilə ailəsini təmin etməlidir.
Məsələn, biz hər gün işə gedib-gələndə yollardakı tıxacdan, avtobus və metrolardakı sıxlıqdan şikayət edirik. Çoxları da rayonlardan Bakıya gələnləri günahlandırır. Amma əslində insanlar bura məcburiyyətdən gəlir. Heç kim öz doğma yerini səbəbsiz tərk etmir.
Əgər rayonlarda iş yerləri yaradılsa, insanlar da elə orada qalıb işləyər. Burada söhbət təkcə dövlətin yaratdığı iş yerlərindən getmir. Məsələn, bir çox məmurların və sahibkarların biznesi Bakıda yerləşir. Halbuki onlar öz rayonlarında da iş yerləri aça bilərlər. Bu baş versə, nə şəhərdə sıxlıq bu qədər artar, nə də insanlar kütləvi şəkildə paytaxta üz tutar.
Hə, uşaqpulu məsələsinə qayıdaq…
Əvvəllər çox istəyirdim ki, uşaqpulu verilsin. Amma son vaxtlar gördüklərim bu fikrimi dəyişib. Bəzi “valideynlər” sırf dövlətdən pul almaq üçün uşaq dünyaya gətirir. Bu isə həm cəmiyyət, həm də uşağın gələcəyi üçün doğru yanaşma deyil.
Bir məsələ də var ki, tez-tez belə fikir səslənir: “18 il uşaq böyüdürəm, sonra dövlət onu əsgər aparır, amma o vaxta qədər maraqlanmır”. Məncə, bu yanaşma düzgün deyil. Hərbi xidmət hər bir sağlam oğlanın borcudur. Vətəni qorumaq ödəniş qarşılığında olmamalıdır.
Əlbəttə, şəhid ailələri, qazilər və veteranlar yüksək səviyyədə təmin olunmalı, onların sosial rifahı xüsusi diqqətdə saxlanılmalıdır. Bu, ayrı mövzudur.
Ümumilikdə isə düşünürəm ki, müxtəlif ödənişlər tələb etməkdənsə, iş yerlərinin yaradılmasını istəmək daha doğrudur. Uşaqpulu və ya neft gəlirlərinin birbaşa paylanması uzun müddətdə insanları işsizliyə və tənbəlliyə sürükləyə bilər.
Bir həqiqəti də qəbul etmək lazımdır: insan uşağı dövlət üçün yox, özü üçün dünyaya gətirir. Əgər övlad 1-2 il hərbi xidmət keçib Vətənə xidmət edirsə, o, ömrünün qalan hissəsində də ailəsinə, cəmiyyətə fayda verir.
Zaira Akifqızı
Globalinfo.az