Azərbaycanda su qıtlığı yaşanır? – RƏSMİ CAVAB

Türkiyədə sudan istifadəyə məhdudiyyətlər qoyulub. Məsələyə aydınlıq gətirən qurumdan qeyd ediblər ki, hazırda su anbarlarının doldurulması ilə bağlı vəziyyət kifayət qədər kritikdir, vətəndaşların içməli və texniki su ilə təminatında fasilələrlə bağlı risklər yaranarsa, səlahiyyətlilərin bəzi istehlakçılar üçün suyun verilməsini məhdudlaşdırmaq hüququ var. Bəs Azərbaycanda su ilə bağlı vəziyyət necədir?

Globalinfo.az-a mövzu ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Fuad Nəsirov deyib ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən suvarılan torpaqların su təminatının və onların melorativ vəziyyətinin yaxşılaşdırılması üçün ötən illərdə olduğu kimi, bu il də müvafiq tədbirlər həyata keçirilir.

“Bildiyiniz kimi, ölkə ərazisində su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkminləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ölkə prezidentinin 2020-ci il tarixli müvafiq sərəncamı ilə komissiya yaradıldı.

Komissiyanın rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə mövcud su qıtlığı şəraitində əhalinin içməli, kommunal məişət su təhcizatının, eyni zamanda əkin sahələrinin su təminatının həyata keçirilməsi üçün qabaqlayıcı tədbirlər görülüb. Belə ki, magistral kanallar, su anbarları üzrə operativ qaydada iş rejimləri hazırlanıb, suyun düzgün bölünməsi, səmərəli, növbəlilik əsasında və qənayətlə istifadə olunması təmin edilib”.

F.Nəsirov deyib ki, hazırda ölkənin əsas su anbarlarında 14 milyard 519 milyon kubmetr su toplanıb:

“Ötən ilin müvafiq dövründə isə 13 milyard 478 milyon kubmetr su toplanıb. Görülmüş tədbirlər nəticəsində ötən illə müqayisədə bu il 1 milyard 40 milyon suyun toplanmasına nail olunub. Hazırda da mövcud olan su rayonlararası kanallarda düzgün qrafiklərlə bölüşdürülərək pambıq və digər kənd təsərrüfatı bitkilərinin suvarma təminatı həyata keçirilir.

Suvarılan torpaq sahələri, əhalinin kommunal məişət və s. su təminatı üçün bütün suvarma mənbələrindən cari ilin 7 ayı ərzində 6.1 milyard kubmetr su götürülüb və istifadəçilərin təlabatına qarşı 4.5 milyard kubmetr su verilib. Hazırda pambıq bitkisi ilə yanaşı kənd əhalisinin kommunal məişət üst təchizatı, yem bitkilərinin, qarğıdalı əkinlərinin və meyvə bağlarını suvarma su ilə təminatı davam etdirilir”.

Fuad Nəsirovun sözlərinə görə, hazırda çətinliklərə baxmayaraq, mövcud su ehtiyyatlarından səmərəli, qənaətlə istifadə olunması, su itkilərinin qarşısının alınması, su istifadəçilərinin təlabata uyğun suvarma suyu ilə təmin olunması üçün müvafiq tədbirlər davam etdirilir”.

Zaira Akifqızı
Globalinfo.az