Azərbaycanda siqaret niyə bahalaşıb? – “Bu məhsulların da qiyməti artır”

“Azərbaycanda inflyasiyanın hesablanma metodologiyasında 528 məhsul və xidmətdən istifadə edilir. Bu məhsullar arasında qiymətinin qalxmasına təəssüf etdiyim sonuncu məhsul siqaretdir. Çünki, siqaretin qiymətinin qalxması onun istifadəçilərinin sayının azaldır”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Ekspert bildirib ki, hazırda bu qiymət artımının xüsusi və qeyri-adi bir səbəbi yoxdur:

“Bunu Dövlət Statistika Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatının hesabatları da təsdiqləyir. Səbəb sadədir: İnflyasiya. Sadəcə 528 məhsulun əksəriyyətinin qiyməti gündəlik və ya həftəlik bir-iki qəpik artdığı üçün nəzərə az çarpır. Amma siqaretin qiyməti dövlət tərəfindən tənzimlənməsə də, onun artımı gündəlik və ya həftəlik olmur. Bir müddət daşlaşmış qiymət olur, tərpənməz qalır. 4-5 ay aralıqla 10 -20 qəpik birdən artır. Bu isə bu günki rezonansı verir. Çünki, həyat üçün ən lazımsız olan siqaret öz aludəçisini əsir saxlayır.

Hansı ayda və nə qədər qalxması isə bu sahədəki subyektlərin davranışından asılıdır. Amma illik nəticədə siqaret qiymətlərindəki artım hər zaman ərzaq infilyasından az, qeyri-ərzaq infilyasiyasından çox olur. Bu ildə belə olacağı şübhəsizdir”.

O, siqaretin ölkəyə icrac və idxal qiymətlərinə diqqət çəkib:

“İl ərzində Azərbaycandan təxminən 16 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub. Konkret siqaretin özünə gəldikdə isə Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan 4,8 milyon dollar dəyərində 634 milyon ədəd siqaret ixrac edilib. Amma tütün və tütünün sənaye əvəzedicilərinin idxalına isə 91 milyon ABŞ dolları dəyərində pul xərcləmişik. Yəni tütün və tütün məhsullarına görə bizə gələn gəlirdən 70-75 milyon dollar çox ölkədən vəsait çıxır”.

Ayşən Mustafa
Globalinfo.az