qocalar

Yaşlı valideynlərin qocalar evinə yerləşdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biri olaraq qalır. Şərq ölkələrində valideynin qocalar evinə verilməsi əksər hallarda mənfi qarşılanır və bu addımı atan övladlar qınanır. Avropa ölkələrində isə bu sahədə fərqli yanaşma tətbiq olunur və yaşlıların sosial təminatına xüsusi diqqət yetirilir. Yüksək pensiya fondları hesabına qocalar evlərində yaşlılara daha yaxşı xidmət göstərildiyi bildirilir. Həmin müəssisələrdə yaşayış şəraiti və təhlükəsizlik standartları da yüksək səviyyədə qurulub. Eyni zamanda, qocalar evlərinin kamera sistemləri ilə təchiz olunması xidmətə nəzarət imkanlarını artırır.

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Qocalar evində yaşlılar üçün rahat şərait varmı?

Globalinfo.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, bu, Şərq və Avropa cəmiyyətlərində fərqli sosial-mədəni yanaşmalardan asılıdır:

“Şərq ölkələrində, o cümlədən Azərbaycanda yaşlı valideynə qulluq etmək, diqqətdə saxlamaq mənəvi məsuliyyət və ailə dəyəri kimi qəbul olunur. Bu səbəbdən valideynin qocalar evinə verilməsi bir çox hallarda mənfi qarşılanır və müəyyən sosial qınaqla müşahidə olunur. Cəmiyyətdə “övlad valideynə özü baxmalıdır” düşüncəsi hələ də güclü olaraq qalır. Avropa ölkələrində isə yaşlılara xidmət sistemi daha fərqli model üzərində formalaşıb. Burada yalnız klassik qocalar evləri deyil, müxtəlif pansionatlar, sosial yaşayış mərkəzləri və aktiv yaşlanma müəssisələri fəaliyyət göstərir. Maraqlıdır ki, bəzi hallarda yaşlı insanlar ora yalnız qayğı ehtiyacı səbəbindən deyil, sosial ünsiyyət, tək qalmamaq və aktiv həyat tərzini davam etdirmək üçün özləri müraciət edirlər. Çünki həmin məkanlarda tibbi nəzarətlə yanaşı sosial fəaliyyətlər, kollektiv ünsiyyət, psixoloji dəstək və gündəlik aktivlik imkanları yaradılır. Bu yanaşma yaşlılığın “təcrid olunmuş dövr” deyil, sosial həyatın davamı kimi qəbul edilməsinə səbəb olur”.

m

Mehriban Zeynalova

Ekspert bildirib ki, Azərbaycanda bu model hələ tam formalaşmayıb:

“Əsas səbəblərdən biri yaşlıların sosial müəssisələrə yerləşdirilməsi ilə bağlı mövcud damğalama və ictimai stereotiplərdir. Bir çox ailələr belə qərarı cəmiyyətin yanlış qiymətləndirəcəyindən ehtiyat edir. Digər tərəfdən, yaşlı insanların özləri də bəzən belə müəssisələri “ailədən uzaqlaşdırılma” kimi qəbul edirlər. Halbuki müasir dünyada yaşlılara qulluq yalnız fiziki baxım deyil, həm də sosiallaşma, təhlükəsizlik, emosional dəstək və həyat keyfiyyəti məsələsidir. Bu baxımdan Azərbaycanda gələcəkdə yalnız qocalar evlərinin sayının artırılması deyil, yaşlıların sosial inteqrasiyasını, təhlükəsizliyini, aktiv həyatını dəstəkləyən daha humanist və müasir xidmət modellərinin inkişaf etdirilməsi vacib görünür”.

Ləman İmran
Globalinfo.az

Paylaş: