Kamal Kılıçdaroğlunun Cümhuriyyət Xalq Partiyası (CHP) sədrliyinə qayıtmasından sonra Kaşif Kozinoğlunun onunla bağlı yazdığı iddia edilən sensasion məktub yenidən gündəmə gəlib.
Bəs Kaşif Kozinoğlu kim idi?
Kozinoğlu Türkiyə kəşfiyyatının ən kilid adlarından olub. Fərqli bölgələrdə kəşfiyyat əməliyyatları aparıb. Bosniya savaşında Kemal Kahramanoğlu adı ilə bosniyalılara təlim keçib, döyüşmələri, özlərini müdafiə etmələri üçün onları təşkilatlandırıb, Kardak böhranı zamanı xüsusi tapşırıq yerinə yetirib, Əfqanıstanda, Şərqi Türküstan coğrafiyasında “İsyan” ləqəbi ilə MİT-in əməliyyatlarını icra edib. Getdiyi yerlərdə bir çox ləqəblərlə tanınıb, öz adı isə hər zaman gizli saxlanılıb.
Kozinoğlunun həmçinin 1990-cı illərdə bir qrup türk vətənpərvərlə (MİT mənsubları da sayılır) Azərbaycana gəldiyi, Birinci Qarabağ savaşında azərbaycanlıları təşkilatlandırdığı, müxtəlif silahlı qrupların formalaşması və ermənilərə qarşı dirənməsində ciddi rol oynadığına dair iddialar var. Həmçinin o dövrdə müstəqilliyini yeni qazanan Azərbaycanın rəsmi şəxslərinin mühafizə olunmasında da yaxından iştirak etdiyi deyilir. İddialara görə, sözügedən illərdə Kozinoğluna ölkəmizdə gördüyü işlərə görə “Koroğlu” ləqəbi verilib.
Bəs belə bir şəxs Kamal Kılıçdaroğlu ilə bağlı nə deyib?
Kozinoğlunun araşdırdığı məsələlərdən biri də 2007-2008-ci illərdə Türkiyə və Almaniyada “əsrin yolsuzluğu”, “siyasi savaş” adlandırılan “Deniz Feneri” işi idi. Kozinoğlu bu proseslə bağlı bir çox məlumatları toplayıb MİT-ə ötürür. Sözügedən iş çərçivəsində Türkiyənin o dövrdə bir sıra tanınmış siyasi simalarının da adı çəkilir. Kaşif Kozinoğlu məktubunda Kamal Kılıçdaroğlunun Almaniya kəşfiyyatı (BND) ilə görüş keçirdiyini, onun CHP-yə sədrliyinin birbaşa BND tərəfindən dəstəkləndiyini vurğulayır. Hətta alman kəşfiyyatının Kılıçdaroğluna “Deniz Feneri” işi, o cümlədən digər bir sıra mövzularda məlumat verdiyi qeyd olunur. Məktubda başqa məsələlərə də toxunulur.
Ümumiyyətlə, dünya siyasətində belə məsələlər çox olub. Müxtəlif ölkələrdə partiya rəhbərləri, yeni prezidentlər, baş nazirlər seçilmədən öncə fərqli dövlətlərin gizli xidmətləri ilə görüşlər keçiriblər və hələ də keçirirlər.
Ergenekon davası
K.Kozinoğlu sonralar FETÖ-nün vətənpərvər türk ordusu və kəşfiyyatçılarına qarşı həyata keçirdiyi məşhur “Ergenekon” davası çərçivəsində “vətənə xəyanətdə” ittiham edilərək saxlanılan MİT üzvlərindən biri olur. Onun məhkəmə işi üzrə ifadə verməsinə cəmi bir neçə gün qalmış həbsxanada ürəktutmasından vəfat etdiyi xəbəri yayılır. Lakin onun ölümü də başqa bir türk kəşfiyyatçı, MİT müşaviri, sensasion əməliyyatlara rəhbərlik etmiş Hirəm Abbas kimi müəmmalı olaraq qalır.
Hətta məşhur “Kurtlar Vadisi Pusu” serialında Kozinoğlunun antiprototipi olan “Kaşifoğlu” obrazı yaradılır və MİT kəşfiyyatçısı hədəf göstərilir. Məlumata görə, həyatını Türkiyəyə xidmətə həsr edən Kozinoğlu “vətənə xəyanət” ittihamına görə həbsxanada çox ağır psixoloji çöküş yaşayır.
“Miras”ın süqutu başlayır?
İndi CHP-nin qurultayının etibarsız sayılması və Özgür Özəlin sədrliyinin ləğvi, yerinə Kılıçdaroğlunun qaytarılması ilə bağlı fərqli iddialar var. Artıq cəmiyyətdə növbəti seçkilərdə Kılıçdaroğlunun partiyanın prezidentliyə namizədi olacağı, bunun CHP-nin məğlubiyyətini təmin edəcək plan olduğuna dair fikir formalaşıb.
Lakin məsələnin başqa tərəfi də var. Burada əsas məqam məhz “Atatürkün Partiyası”, mirası kimi görülən CHP-yə qarşı xalq arasında formalaşan etimadsızlığın daha da güclənməsidir. Hazırda Özgür Özəl və digər partiya üzvləri CHP-ni tərk edəcəklərini, başqa partiyaya keçəcəklərini və seçkilərə bu şəkildə qatılacaqlarını deyirlər. Beləliklə uzun illərdir Türkiyədə əsas siyasi qüvvə, son 20 ildə isə lider müxalif partiya hesab olunan Cümhuriyyət Xalq Partiyası yavaş-yavaş kölgəyə atılır. Kılıçdaroğlunun sədrliyi əlinə alması və ehtimal namizədliyi sadəcə qarşısına çıxacaq rəqibin əlini gücləndirmir, eyni zamanda CHP-ni də gücsüzləşdirir.
Ayşən Mustafa
Globalinfo.az