İstirahət mərkəzində yanğında məhv olan ailənin FOTOLARI – YENİLƏNİB

Ötən gecə Qusarın Cağar kəndində yerləşən “Park Qusar” hotelindəki koteclərdən birində baş vermiş dəhşətli yanğında həyatını itirən şəxslərlə bağlı bəzi məqamlar üzə çıxıb. 

 

Globalinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, yanaraq vəfat edən 1969-cu il təvəllüdlü Emin Babayev uzun illər müxtəlif şirkətlərdə, eləcə də “Azərlotereya”da işləyibmiş.

Hadisə vaxtı onun həyat yoldaşı Zülfiyyə Babayeva və ailənin yeganə övladı, 2005-ci il təvəllüdlü Rauf da dünyasını dəyişib.

Ailə üzvlərinin fotosunu təqdim edirik.

Qeyd edək ki, ilkin ehtimala əsasən yanğın istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib. Hadisə nəticəsində kotecin digər mərtəbəsində olan 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov da vəfat edib. Bundan başqa, 6 nəfər – 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova isə xəsarət alıb.

 

 

***11:13

İlkin ehtimala əsasən yanğın istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib.

Aparılmış araşdırma zamanı yanğın nəticəsində 4 nəfər şəxsin – 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, yanğın zamanı 6 nəfər şəxs – 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb.

Xəsarət alanlar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək onlara ilkin tibbi yardım göstərilib.

Hazırda onların vəziyyəti sabitdir.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

***10:06

Qusar rayonunun Caqar kəndində “Park Qusar” istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb. Yanğın nəticəsində altı nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub.

Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı koteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindın baş verdiyi ehtimal edilir.