İtkin düşən alimlər təxliyə edildi – YENİLƏNİB

Gənc alimlər  Elnur Nəciyev və Emil Cəbrayılov təxliyə ediliblər.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda onlar İsmayıllı rayonuna gətirilirlər

***09:12

İtkin düşən iki alim tapılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, onlar İsmayıllı istiqamətində tapılıblar. Həmin şəxslərin Quba istiqamətindən dağa qalxdıqları və yolu azdıqları bildirilir.

***29.08.2023

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.

Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.

***22:18

Bu gün alimlər Elnur Nəciyev və Emil Cəbrayılov İsmayıllı-Quba yolunda itkin düşüblər.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda itkin düşən alimlərə doğru axtarış heyəti hərəkət edir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Şahdağ” Milli Parkının üç əməkdaşı və ərazini tanıyan bələdçilərlə FHN-in əməkdaşları koordinasiyalı şəkildə alimlərin təxliyyəsini həyata keçirmək üçün səfərbər olunub. Bu gün Elnur Nəciyevin özü 112 qaynar xətti ilə əlaqə saxlayıb. Sadəcə dağlıq ərazi olduğuna görə şəbəkə tez-tez itir və ola bilər ki, telefonunun batareyası qurtardığına görə günorta saatlarından bəri onlarla əlaqə kəsilib. Amma əsas odur ki, alimlər sağ-salamatdır”.

Məsələ ilə bağlı ETSN-in Daxili nəzarət şöbəsinin rəisi Cəlair Səmədov isə bildirib ki, İxtisaslı əməkdaşlar həmin koordinat üzrə hərəkətə başlayıb. Yəni alimlərin təxliyyəsi istiqamətində proses gedir.

Qeyd edək ki, itkin düşən alimlər sonuncu dəfə Quba rayonunun Dərk kəndi və İsmayıllı rayonunun Burovdal kəndi ərazilərində olublar. Saat 12:00-dan isə onlarla əlaqə kəsilib.

Xatırladaq ki, Elnur Nəciyev Bakı Mühəndislik Universitetinin baş müəllimi, Emil Cəbrayılov isə AMEA-nın Coğrafiya İnstitutunun elmi işçisidir.

***

Azərbaycanda iki gənc alim itkin düşüb.

Globalinfo.az xəbər verir ki, Elnur Nəciyev və Emil Cəbrayılov Quba-İsmayılı istiqamətində yoxa çıxıblar.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Qafqazinfo-ya bildirilib ki,qeyd olunan şəxslərlə bağlı polisə müraciət edilib, barələrində axtarışa elan olunub və tapılmaları istiqamətində tədbirlər görülür.

İtkin düşmüş şəxslərin Quba istiqamətindən dağa çıxdıqları ehtimal olunur.