Son günlər Bakıda müşahidə olunan intensiv yağışlar, güclü dolu iqlim dəyişikliyi mövzusunu yenidən gündəmə gətirib. Prezident İlham Əliyevin də may ayında Bakıya bu qədər intensiv yağış yağdığını xatırlamadığını deməsi müzakirələri artırıb. Diqqətçəkən məqamlardan biri yağıntılar fonunda su anbarlarında ehtiyatların artmasıdır.
Globbalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, Prezidentin bununla bağlı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir:
“Bu il Azərbaycanda su ehtiyatlarının formalaşması əvvəlki illərlə müqayisədə daha yaxşıdır. Su anbarlarında doluluq səviyyəsi yüksəlib, çaylarda axın artıb, yağıntılar nəticəsində dağlıq və meşəlik ərazilərdə yeni su ehtiyatları yaranmağa başlayıb. Uzun illər quruma təhlükəsi ilə üzləşən bulaq və çeşmələrin yenidən su ilə təmin olunması da diqqətçəkən məqamlardandır. Bu, təbiətin özünü tənzimləmə xüsusiyyətinin tərkib hissəsidir”.
Qorxmaz İbrahimli
Qorxmaz İbrahimli deyib ki, bu ilin may ayı son illərin ən çox yağıntı düşən maylarından biri olub:
“1980-ci illərin sonlarında da Bakıda güclü sel olub. Hazırda da güclü sel, intensiv yağışlar müşahidə olunur. Şəhərin infrastrukturu elə vəziyyətə düşüb ki, yağışlar ciddi problemə çevrilir. Asfalt örtüyünün, mərmər səkilərin və düzgün qurulmayan drenaj sistemlərinin suyun normal axmasına mane olması nəticəsində küçələr və tunellər su altında qalır. Görünür, artıq Bakını yeni reallıqlarla qiymətləndirmək, infrastrukturu ona uyğun qurmaq lazımdır”.
Zaira Akifqızı
Globalinfo.az