Azərbaycanda 2024-cü ildə iki seçki keçiriləcək.
Globalinfo.az bildirir ki, gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri elan olunub.
Bununla bağlı dövlət başçısı İlham Əliyev dekabrın 7-də Sərəncam imzalayıb.
Həmin ilin dekabrında isə ölkədə Bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir.
Seçki Məcəlləsinin 213-cü maddəsinə (Bələdiyyə seçkilərinin təyin edilməsi) əsasən, bələdiyyə seçkilərini Seçki Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.
Xatırladaq ki, Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Sonuncu bələdiyyə seçkiləri isə 2019-cu il dekabrın 23-də keçirilib.