Son zamanlar qadınların dəfn mərasimində iştirak etməsi diqqət çəkir. Bir qisim insan, xüsusilə yaşlı nəsil hesab edir ki, ənənələrə görə, qadınlar dəfn mərasimində iştirak etməməlidir və bunun islam dinində də belə olduğu bildirilir. Digər qisim isə qadınların dəfn mərasimində iştirak etməsində dini baxımdan heç bir problem olmadığını düşünür.
Bəs əslində necədir? İslam dininə görə qadınların dəfn mərasimində iştirakı qadağandırmı?
Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, islam məzhəblərində qadınların yas mərasimlərində və xüsusilə qəbir ziyarətində iştirakına müxtəlif hökmlər verilsə də, burada əsas yanaşma eynidir:
“Bunun xüsusi səbəbi var. Cahiliyyə dövründə qəbiristanlıqlara gedən qadınların daha yüksək səslə ağladıqları, bəzən üzlərini cırdıqları, paltarlarına zərər verdikləri barədə məlumatlar var. İslam dini gəldikdən sonra isə bu məsələlərə yeni bir yanaşma gətirildi, qəbir ziyarətinin ədəb-ərkanı müəyyənləşdirildi”.
İlahiyyatçı bildirib ki, qadınların emosional təbiətini də nəzərə almaq lazımdır:
“Məsələn, bir ana övladını, yaxud bir insan qardaşını itiribsə, daxili dünyasındakı emosional hissləri ağlamaqla, bağırmaqla ifadə edə bilər. Bu isə ümumi mənzərəyə təsir göstərir. Bu baxımdan qadınların məzarlıqlarda iştirakına və dəfn mərasimlərinə xoş baxılmayıb”.
Ağa Hacıbəyli qadınların dəfndə iştirakının haram olmadığını qeyd edib:
“Qadınlar istədikləri zaman məzarlığa gedib dua edə bilərlər. Qoyulan məhdudiyyət yalnız qeyd etdiyim məsələ ilə bağlı olub”.
Zaira Akifqızı
Globalinfo.az