Artıq iki ildir Azərbaycanda Türkiyə–Azərbaycan Universiteti fəaliyyət göstərir.
Globalinfo.az xəbər verir ki, bu barədə sözügedən universitetə infotur zamanı məlumat verilib.
Bildirilib ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb.
Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycan elm və təhsil naziri Emin Əmrullayev imzalayıb.
Türkiyə-Azərbaycan Universitetində (TAU) 174 tələbə təhsil alır. Beləliklə, cari tədris ili üzrə qəbul olunan tələbə sayı 92, ötən il qəbul olunan tələbələrin sayı 82 nəfərdir.
Cari tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 674.3, sənaye mühəndisliyi ixtisasına ən yüksək bal 654.4, qida mühəndisliyi ixtisasına ən yüksək bal isə 553.6 bal olub.
Qeyd olunub ki, TAU “çətir universitet” modelidir. Belə ki, Azərbaycan tərəfi torpaq, bina, laboratoriya, avadanlıq kimi maliyyə və texniki imkanları təmin edir. Türkiyə tərəfi isə tədrisin keyfiyyəti, proqramların təşkili, 8 semestrlik tədris planının icrası ilə məşğuldur.
Bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Belə ki, burada tədris Orta Doğu Texniki Universitetinin, İstanbul Texniki Universitetinin və Hacettepe Universitetinin tədris proqramına uyğun aparılır. TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı isə Azərbaycan Texniki Universiteti (AzTU) sayılır.
TAU-da təhsil dövlət hesabınadır və tədris ingilis dilində həyata keçirilir. Proqramları uğurla bitirənlərə həm Türkiyə, həm Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim olunur və bu, məzunlara həm yerli, həm qlobal iş imkanlarına birbaşa çıxış deməkdir.