Azərbaycanda bir sıra məhsulların qiymətində ciddi artım müşahidə olunur. Bahalaşmanın səbəbləri ilə bağlı isə fərqli arqumentlər səsləndirilir. Son günlər bu arqumentlər sırasında xüsusilə Hörmüz boğazında baş verənlər ön plana çıxır. Müxtəlif məhsulların, o cümlədən mühərrik yağlarının və bəzi ərzaq məhsullarının qiymət artımı bu amillə əlaqələndirilir.
Bəs qlobal enerji və logistika proseslərinin Azərbaycandakı qiymətlərə təsiri nə qədərdir və Hörmüz boğazı həqiqətən də bu bahalaşmanın əsas səbəblərindən biri sayıla bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, Hörmüz boğazının bağlanması ölkədəki bahalaşmanın universal izahına çevrilməməlidir:
“Düzdür, bu gün Hörmüz boğazında yaranmış vəziyyətin ticarət dövriyyəsinə və ayrı-ayrı məhsulların qiymətlərinə təsiri var. Çünki bu marşrut qlobal enerji və neft məhsulları ticarətində mühüm rol oynayır. Azərbaycan da idxalının müəyyən hissəsində bu prosesdən asılı olduğuna görə, baş verənlərdən tam kənarda qala bilməz. Əsasən mühərrik və sənaye yağları, neft-kimya məhsulları, bəzi kimyəvi xammallar və gübrələrin qiymətlərinə Hörmüz boğazında yaranmış vəziyyətin müəyyən təsiri ola bilər. Lakin Hörmüz boğazının bağlanmasını Azərbaycanda bütün məhsulların bahalaşmasının əsas səbəbi kimi təqdim etmək iqtisadi baxımdan düzgün deyil”.
İqtisadçının sözlərinə görə, Hörmüz boğazının bağlı olması o demək deyil ki, bütün məhsulların qiyməti artmalıdır:
“Xüsusilə ərzaq məhsullarının bahalaşmasını Hörmüz boğazı ilə əlaqələndirmək düzgün deyil. Çünki Azərbaycan əsasən Rusiya, Türkiyə və digər yaxın bazarlardan ərzaq idxal edir. Ərzaq bazarında Hörmüz boğazının təsiri daha çox enerji, gübrə və logistika xərcləri vasitəsilə dolayı şəkildə özünü göstərə bilər.
Eyyub Kərimli
Hesab edirəm ki, dövlət bu dövrdə əsas istehlak məhsullarının qiymət dinamikasını xüsusi nəzarətdə saxlamalıdır. Hörmüz effekti realdır, amma Hörmüz bəhanəsi real deyil”.
E.Kərimlinin fikrincə, dövlət qurumlarının bahalaşmadan sui-istifadə edərək qiymətləri əsassız şəkildə artırmağa çalışan subyektlərin fəaliyyətinə nəzarəti gücləndirməsinə ciddi ehtiyac var:
“Çünki bəzi hallarda bahalaşma üçün real iqtisadi əsaslar mövcud olsa da, bu vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə artırmaq cəhdləri də ola bilər. Hesab edirəm ki, Hörmüz boğazı ilə bağlı yaranmış vəziyyət müəyyən məhsul və xərclər üzrə qiymət artımı risklərini artıra bilər, lakin bunu bütün bazarda baş verən bahalaşmanın universal səbəbi kimi təqdim etmək düzgün yanaşma deyil”.
Zaira Akifqızı
Globalinfo.az