Azərbaycanda adambaşına düşən gəlir 40% arta bilər – Dünya Bankı

Azərbaycanda adambaşına düşən gəlir 2050-ci ilə qədər ölkənin indiki inkişaf trayektoriyası ilə müqayisədə ən azı 40 faiz, hətta çox arta bilər”.

Globalinfo.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Qlobal İqtisadi Perspektivlər (GEP) hesabatının təqdimat mərasimində çıxışı zamanı Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.

O bildirib ki, Azərbaycan üçün yeni artım modeli sayəsində daha optimist imkanlar var: “Bu model dövlətin aktiv stimullaşdırılması rolunun fonunda dinamik özəl sektorun dəstəklənməsi, daha şaxələndirilmiş iqtisadiyyat, daha güclü insan kapitalı və daha dərin iqtisadi inteqrasiyanı nəzərdə tutur”.

Qeyd edək ki, Dünya Bankına sözügedən hasabatına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,2% təşkil edəcək. Bu isə Dünya Bankının 2023-cü ilin yanvar proqnozu ilə müqayisədə 0,6% azdır. Dünya Bankı həmçinin, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0,1% az, yəni 2,5%, 2025-ci ildə isə 2,6% artacağını müəyyən edib.