Azərbaycanda 6 il əvvəlki təxribata əl atıldı – Səbəb nədir?

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlayan şəxsin həbs edilməsindən sonra onun İrana bağlı kəşfiyyat orqanları ilə əlaqəsi olması barədə iddialar yayıldı.

Maraqlıdır, İranla Azərbaycanın münasibətlərinin düzəldiyi vaxtda Tehrana bağlı qüvvələrin yenidən ölkəmizdə fəallaşması nədən xəbər verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşova qarşı hazırlanan sui-qəsdin üstünün  həyata keçmədən açılması sevindirici haldır və xüsusi xidmət orqanlarımızın gərgin əməyinin nəticəsidir:

“Sui-qəsdin arxasında İran kəşfiyyat orqanlarının dayanması iddiaları Tehranın Azərbaycana qarşı bu tip təxribatlarda əvvəllər də əlinin olması ilə əlaqədardır. Bir neçə il öncə (2018-ci ildə – red.) Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd də İran haqqında düşünməyə səbəb verir. Amma təbii ki, biz iddialara deyil, rəsmi məlumatlara istinadən mülahizə yürütməliyik. Dəqiq fikir söyləmək üçün istintaqı gözləmək lazım gələcək”.

Politoloq qeyd edib ki, İranın bu sui-qəsddə əli olması məsələsi isə istisna olunmamalıdır:

“Son zamanlar rəsmi Tehranla münasibətlərimizin normallaşması istiqamətində atılan addımlara gəlincə, bunların İranın təxribatlarının qarşısını almaq gücündə olduğunu düşünmürəm. Çünki İranda xarici siyasətlə bağlı məsələlər bir deyil, bir neçə mərkəzdən idarə olunur və həyata keçirilir. Ali dini liderə tabe olan strukturlar bir siyasət, Prezidentə tabe olan strukturlar digər siyasi xətt sərgiləyir. Məhz buna görə də İranda Azərbaycan Respublikası ilə münasibətdə fərqli, bir-biri ilə ziddiyyət təşkil edən addımların şahidi oluruq. Bu belə davam edəcək və Azərbaycan öz təhlükəsizliyini bu faktorları nəzərə alaraq həyata keçirməlidir”.

Safura Bənnayeva
Globalinfo.az