Pakistan mediası Azərbaycan haqda bu xəbəri tirajlayır – Müharibə hazırlığı?

“Azərbaycan uzun müddət idi ki, Pakistan ilə GF-17 qırıcılarının alınması üçün danışqlar aparırdı, amma bu məsələ bir qədər ləngidi”.

Bu sözləri Globalinfo.az-a hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Pakistandan 1.6 milyar dollarlıq silah almasını şərh edərkən deyib.

Onun sözlərinə görə, GF-17 qırıcılarının alınmasındakı gecikmə onların ən son istehsalı ilə bağlıdır:

“Lakin artıq Pakistan mediasında da xəbər geniş şəkildə tirajlanır. Azərbaycanın GF-17 qırıcılarını alması təsdiqlənib. Bu, rəsmi Bakının mövcud aviasiya parkının kifayət qədər güclənməsinə gətirib çıxaracaq.

Bildiyiniz kimi, bu təyyarələr Pakistan tərəfindən kifayət qədər uğurla istifadə olunur. Hətta bir neçə dəfə Hindistan aviasiyasının təxribatlarının qarşısını alıb. Çinin sərhədi pozan bir təyyarəsini isə geri çəkilməyə məcbur edib.

Pakistan dünyanın aviasiya imkanlarına görə, ilk 10 ölkəsi arasındadır. Digər tərəfdən, Pakistan nadir müsəlman ölkədir ki, özü dördüncü nəsil qırıcılar istehsal edir. Azərbaycanın almaq istədiyi qırıcılar isə beşinci nəsil qırıcılardır”.

Turan Rzayev
Globalinfo.az