Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı toxunduğu məqamlardan biri də ideoloji təhlükəsizlik məsələsi idi.
“Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir”, – Dövlət başçısı qeyd edib.
Prezidentin bu sözü əslində səbəbsiz deyil. Azərbaycan yaxın keçmişdə ciddi ideoloji boşluq və xaos yaşayıb. Müstəqilliyin ilk illərində milliyyətçilik, sovet dövründən qalan kommunist düşüncə və ya radikal liberalizm kimi ideologiyalar ətrafında siyasi pərakəndəlik yaşanıb. İdeoloji pərakəndəlik fonunda dövlətin birliyi sarsılmış, separatçı fəaliyyətlər güclənmişdi.
1990-1995-ci illər arasında separatçı meyillərin başlıca səbəbi Azərbaycanda vahid ideologiyanın və birliyin olmaması idi. Məhz bunun nəticəsində birlik təmin edilə bilmir, işğal günü-gündən genişlənirdi. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası qısa zamanda dövlətin vahid ideologiyası halına gəldi və ölkədə həm pərakəndəliyi, həm də separatçı meyilləri aradan qaldırdı. Azərbaycançılıq ideologiyası faktiki olaraq gənc və kövrək Azərbaycanı mərkəzləşmiş dayanıqlı dövlət halına gətirdi.
Prezident çıxışında həm də qeyd edib ki, biz buna daim hazır olmalı və aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik; həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında:
“Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir.”
Azərbaycanda azərbaycançılıq ideologiyası qəbul olunsa da, 90-cı illərdə Qərbin və digər kənar qüvvələrin ideoloji müdaxilələri kəsilmədi. Bu dəfə Qərb vətəndaş cəmiyyəti institutlarını, medianı, siyasi partiyaları, tanınmış ictimaiyyət nümayəndələrini, dindarları, bəzi hallarda isə oliqarxlaşmış şəxsləri ələ almağa çalışdı. Bir çox hallarda da buna nail oldu.
Prinsipcə bu proses davam edir. Müasir dövrdə ideoloji təcavüzün yeni forma və metodlarının tətbiqi – ictimaiyyətə LGBT, “No War” və digər zərərli meyillərin aşılanması, gənclərin ələ alınması, onlarda antimilli, kosmopolit dünyagörüşünün formalaşdırılması ilə özünü büruzə verir.
Bütün bunlara baxmayaraq, azərbaycançılıq ideologiyası 20 ildən artıqdır Azərbaycanda hakim ideologiyadır və özlüyündə birlik və bərabərliyi ehtiva edir. İdeologiya yeni dövrün trendləri ilə ayaqlaşır, özündə yeni cərəyanları cəmləşdirir. Məhz buna görə Qərbin yeni ideoloji hücum dalğası effektsiz qalır.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı