Ceyhun Bayramov mühüm görüşlər keçirdi – FOTOLAR

Fevralın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesteni və nümayəndə heyətinin digər üzvlərini qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Məlumata görə, görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, habelə cari ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb. Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb.

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri, o cümlədən Xarici İşlər Nazirliyi tərəfindən görülən tədbirlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ilk dəfə bütün ərazilərimizdə suverenliyimizin bərpasından sonra keçirilən bu seçki prosesinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin təsis edildiyi diqqətə çatdırılıb.

Missiya rəhbəri Osman Mesten qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi zəfərdən, habelə tam suverenliyinin bərpasından sonra ilk dəfə keçirilən Prezident seçkilərini müşahidə etməkdən məmnunluq duyduğunu qeyd edib. Keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın bundan sonrakı inkişafında mühüm rola malik olacağına dair əminlik ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin müşahidəsi ilə bağlı ölkəmizdə səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min ilə görüşüb.

Bu barədə Globalinfo.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq perspektivləri, habelə növbədənkənar Prezident seçkiləri ilə bağlı məsələlər müzakirə edilib.

C.Bayramov Azərbaycanın ŞƏT üzvləri ilə mövcud əməkdaşlığının Təşkilat çərçivəsində ölkəmizin aktivliyini şərtləndirdiyini, habelə qarşılıqlı dialoqa töhfə verdiyini bildirib. Ölkəmizin ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə Təşkilatla faydalı əməkdaşlıq etdiyi bildirilib.

Azərbaycanın Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyi, bu istiqamətdə iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və s. sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin Azərbaycanda keçiriləcəyini nəzərə alaraq ekologiya sahəsində geniş əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.

Nazir 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərinin 30 ilə yaxın işğaldan sonra ilk dəfə bütün ərazilərimizdə keçirilməsinin, habelə işğaldan azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri nəticəsində öz evlərinə qayıdan vətəndaşlarımızın ilk dəfə öz doğma torpaqlarında seçki hüquqlarını həyata keçirməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Qarşı tərəf o cümlədən, hazırda xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən vətəndaşlarımız üçün seçki prosesinin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.

Baş katib C.Min növbədənkənar Prezident seçkilərinin müşahidəsi ilə əlaqədar dəvətə görə təşəkkür edərək seçkilərin təşkilində ölkəmizə uğurlar arzulayıb. Baş katib seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə təşkilinin böyük məmnunluq doğurduğunu vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.