Azərbaycan tele-məkanında bəzi populyar verilişlərin bağlanmasından 1 aydan artıq vaxt keçir. Bu qərar cəmiyyətdə uzun müddətdir müzakirə olunan bir məsələnin yekunu kimi qiymətləndirilir. İllərdir ki, cəmiyyətdə efir keyfiyyətinin aşağı düşməsi problemi müzakirə olunurdu. Amma bu müzakirələr nəticəsiz qalırdı. Hər dəfə arzuolunmaz verilişlər efirə yol tapırdı.
Söhbət yalnız ondan getmir ki, bu proqramlar peşəkar standartlara cavab vermirdi. Əsas məsələ o idi ki, sözügedən verilişlər Azərbaycan xalqının əxlaqi-mənəvi dəyərlərini aşındırırdı. Ailə söhbətlərinin efirə çıxarılması, süni ajiotajlar, yalançı gərginliklər, öncədən quraşdırılan səhnəciklər cəmiyyətin mənəvi dayaqlarını sarsıdırdı. Ailədən kənara çıxarılması məsləhət olmayan mövzular canlı efirdə saatlarla qeybət predmeti olurdu. Bu siyasət uzun illər davam etdi. Nəticədə pis örnəklər formalaşdı: insanların içindəki mənəvi senzura, qadağalar ortadan qalxdı, baryerlər dağıdıldı, əxlaq dəyərləri ciddi zədələndi. Cəmiyyətin bəzi təbəqəsində belə rəy yarandı ki, televiziya efirində belə müzakirələr aparılırsa, bunu sosial şəbəkələrə də daşımaq olar, kütləvi yerlərdə də dilə gətirilə bilər. Beləcə, bu arzuolunmaz tele-layihələr Azərbaycana, xalqa, onun min illərdir formalaşan mənəvi dünyasına, əxlaq dəyərlərinə dəhşətli zərbələr vurdu. Təəssüf ki, bu zərbə hələ bir müddət davam edəcək. Zamanında əkilən o zərərli toxumları yox etmək vaxt alacaq.
Nəhayət ictimai qınaq öz faydasını verdi – bir neçə populyar veriliş eyni vaxtda dayandırıldı. ATV-də “Bizimləsən” və “Rəngarəng”, ARB-də isə “Səni axtarıram” “Həmin Zaur”, “Elgizlə izlə” verilişləri efirdən çıxarıldı. Beləliklə xalqımız illərlə davam edən mənəvi-psixoloji soyqırımından xilas edildi.
Yayımı dayandırılan verilişlərin aparıcılarının efir “siyasəti” nə idi? Mənəvi deqradasiyanın dozasını hər gün daha da artırmaq! Efir vasitəsilə evlərə soxulub, xalqın ailə dəyərlərini günbəgün zədələmək! İnsanlar arasında mənəvi bağları yox etmək! Ailə institutunun zəiflədiyini, dağıldığını vurğulamaq! Ər-arvad, valideyn-övlad, bacı-qardaş arasında konfliktləri qabarıq şəkildə göstərmək! Nəticədə ümidsizlik yaratmaq, inam bağlarını qırıb atmaq, cəmiyyəti, ölkəni, dövləti gözdən salmaq! Ən dəhşətlisi isə o idi ki, bu aparıcılar ümidsizlik, boşluq yaradıb, özlərini yeni ümid, xilaskar kimi cəmiyyətə sırımağa çalışırdılar. Nə yazıq ki, buna müəyyən qədər nail ola bilirdilər.
Məsələn, “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı efirdə istintaq qururdu. Gərəksiz gərginlik yaradırdı. Sanki ölkədə aidiyyatı rəsmi qurumların işini özü görür təəssüratı yaradırdı.
“Rəngarəng” verilişinin aparıcısı Zaur Nəbioğlu efirə elə müğənnilər çıxarırdı, kənar müşahidəçi düşünə bilərdi ki, Azərbaycan mədəniyyəti gör nə gündədir. Sənəti, peşəkarlığı ilə yox, şəxsi həyatı, daha doğrusu əxlaqsızlığı təbliğ etməsi, heç bir mənəvi dəyərlərə əhəmiyyət verməməsi ilə diqqət çəkən “müğənnilərə” üstünlük verirdi.
Elgiz Əkbərin müəllif olduğu “Elgizlə izlə” proqramında küçə söyüşləri, jarqon meydan sulayırdı. Lazımsız replikalar, şit zarafatlar efiri başına götürürdü.
Zaur Kamalın “Həmin Zaur” proqramına bir dəfə baxan adam üçün belə təsəvvür yaranırdı ki, Azərbaycan musiqi sənəti, mədəniyyəti bu qədər bəsitdir. Zaur Kamal o müğənniləri hardan tapırdı, efirə necə çıxarırdı, bəlli idi. Çox nadir hallarda yaxşı sənətkarlara efir imkanı yaradılırdı. 99 faiz sənəti yox, əzası ilə gündəmə gəlməyə həvəs göstərən “müğənnilər” verilişə çağırılırdı.
Efirdə lazımsız müzakirələr açılırdı. Nikahdankənar övlad dünyaya gətirmək, ərinə xəyanət etmək, pullu şəxsin sevgilisi olmaq, dedi-qodu, müğənnilərin saçyoldusu və s. mövzular yüzminlərin, milyonların diqqətinə çatdırılırdı. Bu isə gənclərin mənəvi dünyasına ciddi zərbə vururdu. “Mən də filan müğənni kimi olum, yaxşı həyat yaşayım” düşüncəsi yaradırdı müəyyən insanlarda. Hətta gənc olmayan bəzi qadın və kişilər bu “örnək” “sənətkarların” həyatına baxıb, qibtə edirdi. Sosial şəbəkələrdə belə rəylərə tez-tez rast gəlinirdi.
İki-üç adamın arasında belə danışlması uyğun olmayan mövzular bu verilişlərdə saatlarla, bəzən günlərdə dartışılırdı. Verilişlərə ekspert sifətində dəvət olunan şəxslər də bir ayrı dərd idi. Onlar həmin proqramlar vasitəsilə məşhurlaşdırılırdı, sonradan söz adamına, rəy liderinə çevrilirdilər. Beləcə, cəmiyyətin dayaqları hər gün zədələnirdi.
Üstündən 1 ay keçib, indi efirlərə baxmaq, televizordan istifadə etmək mümkün olub. Sıravi vətəndaşdan tutmuş, televiziya mütəxəssisinə, ziyalıya, media işçisinə qədər hər kəs bu verilişlərin efirdən yığışdırılmasını təqdir edir. Bu addımın cəmiyyətə, xalqa böyük fayda gətirdiyi vurğulanır. Ucuz şoular, primitiv proqramlar, süni gərginliklər efir ənənəsini, ekran estetikasını dağıtmağa yönəlmişdi. Cəmiyyət o verilişlərdən boğaza yığılmışdı.
Bu proqramların qadağan edilməsi bir mərhələnin tamamlanmasıdır. Növbəti mərhələ isə onların yerində açılacaq faydalı verilişlərdir. İnanırıq ki, bu məsələ uğurla həllini tapacaq. Azərbaycan televiziyasının çox yaxşı ənənəsi var. O qədər səviyyəli, cəmiyyət üçün xeyirli proqramlar, layihələr olub ki, indiyə kimi. Kim deyirsə ki, səviyyəli proqramlara baxılmır, ciddi şəkildə yanılır. Bu fikir Azərbaycan xalqına qarşı böhtandır. Siz bu xalqa keyfiyyətli verilişlər təqdim edin, görün necə yüksək baxış əldə edəcəksiniz. Bir şərtlə ki, o proqramları peşəkarlar, əxlaq göstəriciləri və dünyagörüşü yerində olan aparıcılar təqdim etsin.
Aydın Aslan
Globalinfo.az