“Bakıda yüksək səviyyədə təşkil edilən WUF13-də iştirak edən qonaqlar bu tədbirə xüsusi bir nüfuz və dəyər qatırlar”.
Bunu Globalinfo.az-a deputat Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Azərbaycan hər zaman olduğu kimi ev sahibliyi ilə yenə də fərqlənməyi bacardı:
“Necə ki, COP29 zamanı fərqlənmişdi, indi də yanaşma tərzi, təşkilatçılıq səviyyəsi, işin koordinasiyası və digər aspektlər baxımından bu tədbir də yüksək standartlarla yadda qaldı. Şübhəsiz ki, Azərbaycanda keçirilən bu uğurlu forum uzun illər boyunca nümunə kimi xatırlanacaq. Çünki elə yüksək bir meyar formalaşdırılıb ki, həm iştirakçı sayına, həm də müzakirə olunan mövzuların rəngarəngliyinə görə yaxın illərdə bu səviyyədə bir forumu təkrarlamaq asan olmayacaq”.
Deputat əlavə edib ki, ən önəmli məqamlardan biri isə baxış bucağı ilə bağlıdır:
“Forum tarixində ilk dəfədir ki, liderlər sammiti Azərbaycanda keçirilir. Bu isə onu göstərir ki, urbanizasiya problemlərinə artıq yalnız şəhərsalma və memarlıq kontekstindən yanaşılmır. Burada urbanizasiya məsələsinin həm də ciddi geosiyasi faktor olduğu xüsusi vurğulanır. Bu yanaşma Prezident İlham Əliyevin çıxışında, eləcə də “Euronews”a verdiyi müsahibədə də öz əksini tapdı. Müasir dövrdə müharibələr, texnogen qəzalar, təbii fəlakətlər, ticarət müharibələri və digər qlobal çağırışlar urbanizasiya proseslərinə birbaşa təsir göstərir. Yəni problem artıq yalnız təbii urbanizasiya proseslərinin yaratdığı çətinliklərlə məhdudlaşmır. Bu baxımdan, məsələnin məhz liderlər səviyyəsində və geosiyasi kontekstdə təqdim olunması Azərbaycanın çox böyük uğurudur. Çünki bu problemlərin köklü həlli üçün qərarlar məhz liderlər səviyyəsində qəbul olunmalıdır. Əks halda, urbanizasiya ilə bağlı qlobal çağırışların effektiv həllinə nail olmaq mümkün olmayacaq”.
Ləman İmran
Globalinfo.az