Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Globalinfo.az-a verilən xəbərə görə, İran parlamentinin sədri ölkəsinin Azərbaycanla münasibətlərin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
Məhəmmədbaqer Qalibaf deyib ki, Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edir və onlar ölkəmizlə münasibətlərə xüsusi əhəmiyyət verirlər. O, İranın yeni seçilmiş rəhbərliyinin siyasətində qonşu ölkələrlə münasibətlərdə heç bir dəyişikliyin olmadığını, parlamentlər səviyyəsində də əlaqələrin daha da genişləndirilməsi istiqamətində mövqeyin davam edəcəyini söyləyib.
Qeyd olunub ki, İran yaxşı qonşuluq, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsinin bütün regionda sülh və təhlükəsizliyə töhfə verəcəyinə inanır. Bildirilib ki, biz iqtisadi əməkdaşlıq, nəqliyyat, regional kommunikasiya imkanlarından geniş istifadə etməliyik. İran parlamentinin sədri “3+3” formatında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Sahibə Qafarova ölkələrimizin və xalqlarımızın ortaq tarixi, mədəni, dini dəyərləri bölüşdüklərini qeyd edərək, bu gün Azərbaycanla İran arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb. O, ikitərəfli formatda əldə edilmiş razılaşmaların, həyata keçirilən birgə layihələrin əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan regionda sülh və təhlükəsizliyin, əməkdaşlığın təmin olunmasına böyük əhəmiyyət verir və ölkəmiz sülhpərvər siyasət həyata keçirir.
Görüşdə parlamentlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Spiker Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri ilə bundan öncəki görüşlərini xatırladaraq, bu görüşlər zamanı parlamentlərarası əlaqələrimizin mövcud vəziyyəti və bu əlaqələrin daha da genişləndirilməsi imkanlarının müzakirə olunduğunu xatırladıb.
Görüşdə cari ilin noyabr ayında Bakıda COP-29 çərçivəsində keçiriləcək Parlament Konfransı ilə bağlı məsələlər də müzakirə edilib. Parlamentlərin iqlim dəyişmələri ilə əlaqədar çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
X X X
İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova burada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Globalinfo.az-a verilən xəbərə görə, Milli Məclisə növbədənkənar seçkilərin uğurla keçirilməsi və yenidən Azərbaycan parlamentinin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edən Numan Kurtulmuş, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluğunu bildirib. Ölkələrimizin bütün məsələlərdə ortaq mövqe nümayiş etdirdiyini söyləyən TBMM sədri 44 günlük Vətən müharibəsindən sonra regionda yeni şəraitin yarandığını, bu xüsusda Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq işlərinin, Zəngəzur dəhlizinin açılmasının Türk dünyasına və türkdilli ölkələrə böyük imkanlar yaradacağını bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova təbriklərə görə təşəkkürünü bildirərək, qeyd edib ki, bu vəzifəyə yenidən seçilməsindən sonra onu ilk təbrik edən TBMM sədri olub. O, seçkilərdə Türkiyə Böyük Millət Məclisinin ən böyük heyətlə müşahidələr aparmasına görə minnətdarlığını ifadə edib.
Spiker Sahibə Qafarova qardaş ölkələrimiz arasında Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında möhtəşəm inkişaf yolu keçən münasibətlərimizin dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə yüksəldiyini vurğulayıb. Qeyd olunub ki, qardaş ölkələrimiz bütün məsələlərdə ortaq mövqedən çıxış edir, o cümlədən beynəlxalq təşkilatlarda da bir-birinə dəstək göstərirlər.
Görüşdə ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də inkişaf etdirildiyi və qarşıdakı dövrlərdə də bu istiqamətdə fəaliyyətin davamlı olacağı vurğulanıb. Parlament sədrləri, dostluq qrupları və deputatlar arasında təmasların ümumi münasibətlərimizə mühüm töhfələri təqdir edilib. Parlamentlər müstəvisində də üçtərəfli formatda keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı ölkələrimizin regionda sülh və əməkdaşlıq gündəliyi ilə çıxış etdikləri ifadə olunub.
Görüşdə parlamentlərin iqlim dəyişmələri ilə əlaqədar çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti də qeyd edilib.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
***13:22
Azərbaycan və Türkiyə parlament sədrləri Cenevrədə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Numan Kurtulmuş “X” platformasında paylaşım edib.
TBMM sədri qeyd edib ki, Parlamentlərarası İttifaqın (PAİ) 149-cu Assambleyası çərçivəsində Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
“Ölkələrimiz arasında hər sahədə sıx inkişaf edən münasibətlərin getdikcə artmasından qarşılıqlı məmnunluğumuzu ifadə etdiyimiz görüşdə regional və qlobal hadisələri müzakirə etdik.
Görüşümüz zamanı biz də bir daha təsdiq etdik ki, biz beynəlxalq platformalarda həmrəy olduğumuz qardaş Azərbaycanla hər zaman çiyin-çiyinəyik”, – Kurtulmuş vurğulayıb.
***12:59
İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Görüş Cenevrədə baş tutub.