Azərbaycan təyyarəsi Almaniyada məcburi eniş etdi

Azərbaycanın “Silk Way Airlines” aviaşirkətinin Leypsiq-Qao (Mali) reysini həyata keçirən “İl-76” təyyarəsi Almaniyadan havaya qalxdıqdan qısa müddət sonra hidravlik sistemində nasazlıqla üzləşib və uçuş aeroportunda eniş etmək məcburiyyətində qalıb.

Şirkətin mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, təyyarə Almaniyanın şərqindəki “Leypsiq-Halle” hava limanına təhlükəsiz eniş edib və texniki xidmətdədir.

“Uçuş proqramına əsasən, onun bir neçə saatdan sonra uçuş həyata keçirəcəyi gözlənilir. Qeyd edək ki, bu vəziyyət heç bir şəkildə uçuşların təhlükəsizliyinə təsir göstərmir. Nəzərinizə çatdırmaq istərdik ki, uçuş əməliyyatları qaydalarına və istehsalçının göstərişlərinə, habelə yerüstü xidmətlərin təlimatlarına uyğun olaraq, hava gəmisi plandankənar eniş zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə göyərtədə olan yanacaq müvafiq normaya uyğun hala gətirilməlidir”, – “Silk Way Airlines”dən bildiriblər.

Qeyd edək ki, yanacağı yandırmaq üçün “İl-76” pilotları Erfurt şəhəri üzərində 11 dövrə vurub və bu, təxminən üç saat çəkib. Yerli vaxtla saat 13:54-də təyyarə “Leypsiq-Halle” hava limanına enib.

***

Azərbaycanın “Silk Way Airlines” aviaşirkətinə məxsus İl-76 nəqliyyat təyyarəsi Leypsiqdən (Almaniya) havaya qalxdıqdan qısa müddət sonra hidravlik sistemində nasazlıq yaranıb və uzun müddət yanacaq yandırdıqdan sonra hava limanına qayıtmağa məcbur olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilir ki, AZQ4117 reysi Leypsiq – Qao (Mali) marşrutu üzrə hərəkət etməli idi.

“Təyyarənin hidravlika ilə bağlı problemləri üzə çıxıb və o Leypsiqə qayıtmalı olub. Eniş edə bilmək üçün pilotlar kerosin yandırmalı olublar”, – Almaniyanın Hava Nəqliyyatına Nəzarət İdarəsinin sözçüsü Robert Ertler deyib.

Bildirilib ki, yanacaq yandırmaq üçün İl-76 pilotları Erfurt şəhəri üzərində 11 dövrə vurdular ki, bu da təxminən üç saat çəkdi. Yerli vaxtla saat 13:54-də təyyarə Leypsiq/Halle hava limanına enib.