Babayan yeni müharibənin tarixini açıqladı – Bakıdan fərqli rəqəm deyildi

2023-cü ilin bitməsinə az qalsa da, bəzi politoloqlar, siyasətçilər, deputatlar sülh sazişinin tezliklə imzalanacağına inanırlar. Qarabağdan İrəvana qaçan keçmiş separatçı rejimin qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Babayan isə Azərbaycanla sülh sazişi imzalamaq istəyən Ermənistan hakimiyyətinə qarşı çıxır.

Babayan dolayısı ilə deyib ki, Qarabağda ermənilərə muxtariyyət verilməsə, sülh olmayacaq, müharibə yenidən başlanacaq. O, yeni müharibənin 20 il sonra başlayacağını iddia edib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, sülh sazişi ilə bağlı tarixin üzərində dayanmaq doğru deyil:

“Önəmli olan sülh sənədinin mətninin hazır olmasıdır. Hesab edirəm, sülh sazişi 2024-cü ilin ortalarına qədər imzalana bilər. Azərbaycanın şərtlərinin qəbul edilməsi prioritetdir. Bu məsələdə tələsməyin əleyhinəyəm. Delimitasiya-demarkasiya məsələsinin sülh sənədində yer ayrılacağını düşünmürəm, çünki bu danışıqlar predmetidir.

Elxan Şahinoğlu

Əsas məsələlərdən biri ərazi bütövlüyünün qəbul edilməsidir. Sərhədlərin müəyyənləşməsi sonraya qala bilər. Bir digər məsələ sülh sənədində Qarabağa dair maddənin əks edilməməsidir”.

Ermənistandakı hansısa separatçı, revanşist iddialardan danışan politoloq bildirib ki, bu, bir müddət davam edəcək:

“Erməni cəmiyyətinin hazırkı durumu mənə 90-cı illərdə Azərbaycanda gedən ixtilafları xatırladır. Ermənistan da bu gün həmin prosesi keçir.

Azərbaycan tarixi bir missiyanı gerçəkləşdirdi. Bu gün Qarabağda bərpa prosesi gedir. Böyük qayıdış siyasətinə başlanılıb. İndi aktual məsələlər bunlardır”.

Turan Rzayev
Globalinfo.az