Azərbaycan Silahlı Qüvvələri Qarabağda Ermənistan silahlı qüvvələrinin təmas xəttini yarıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Reuters-ə bildirib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan qüvvələri Qarabağda Ermənistan silahlı qüvvələri ilə təmas xəttini bir neçə yerdə yarıb və strateji məqsədlərinə çatmaq əzmindədir.
H.Hacıyevin sözlərinə görə, Bakı yalnız tərksilah edilmiş Qarabağ erməniləri ilə danışmağa hazırdır. O xatırladıb ki, Azərbaycanın qonşu Ermənistanda heç bir hərbi hədəfi yoxdur.
“Azərbaycanın niyyəti düşmənçilik və qarşıdurma səhifəsini bağlamaqdır. Yetər. Biz artıq öz ərazimizdə bu cür silahlı qüvvələrin, eləcə də Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə hər gün meydan oxuyan strukturun olmasına daha dözə bilmərik”, – Prezidentin köməkçisi vurğulayıb.
Onun sözlərinə görə, Bakı lokal xarakterli antiterror tədbirləri ilə strateji hədəfinə – öz ərazisi üzərində suverenliyini təmin etməyə – nail olacağına inanır.