Azərbaycan qadını tarix boyu öz mübarizliyi ilə tanınıb

Bu gün Azərbaycan qadınlarının müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınması, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirakı, dövlət idarəçiliyində daim fədakarlıq nümayiş etdirməsi və Vətənin müdafiəsi uğrunda döyüş meydanlarında şücaət göstərmələri, həmçinin şəhidlik zirvəsinə yüksəlmələri hər birimizdə qürur hissi yaradır.

Azərbaycan qadınları hələ Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Zaman geçdikcə hərtərəfli biliyə, geniş dünyagörüşə yiyələnən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Hər il 8 Mart Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər. Bu, dövlətimizin qadınlara göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür.

Bu barədə fikirlərini Globalinfo.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, ölkədə qadın siyasətinin əsasını Ulu öndər Heydər Əliyev qoyub. Ümummilli lider ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Qadınların ölkənin ictimai-siyasi həyatında fəal inkişafı üçün geniş imkanlar yaradılmış, hətta onların səsi beynəlxalq tədbirlərdən eşildilmişdir. Bu işdə Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd edilməlidir. Məhz Mehriban xanımın diqqət və qayğısı nəticəsində Azərbaycan qadınının nüfuzu həm ölkədə, həm də beynəlxalq aləmdə yüksəklərə qaldırıldı. Mehriban xanımın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanımın humanitar layihələri Azərbaycana yeni dostlar qazandırır. Birinci vitse-prezidentin xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Onun prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu, hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Ç.Qənizadə qadınların aktiv fəaliyyətinin ictimai-siyasi həyatın bütün sahələrini əhatə etdiyini vurğulayaraq, onların ordu quruculuğundakı xidmətlərindən də söhbət açıb. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadının xidmət etdiyini diqqətə çatdıran hüquq müdafiəçisi qadınların vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirdiklərini bildirib. O, 2020- ci ildə Vətən müharibəsində qadınlarımızın da əsgər və zabitlərlə yanaşı fədakarlıq göstərdiklərini xatırladıb.

Komitə sədri bütün bunların əsasını ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsi ilə əlaqələndirib. Bu gün Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Ç. Qənizadə bir sıra statistik məlumatları da xatırladıb: Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7 , orta ixtisas təhsil müəssisələrində 78,9 , ali təhsil müəssisələrində 54,7 , həkimlərin 66 , elmi işçilərin 58,2 faizini qadınlar təşkil edir. Son 10 ildə qadınlardan elmlər doktoru elmi dərəcəsi alanların sayı 2,5, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır. VI çağırış Milli Məclisdə 22 qadın deputat fəaliyyət göstərir.

Ç.Qənizadə deyib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyindən sonra qadınlarımızın ölkənin ictimai-siyasi həyatındakı roluna xüsusi önəm verilir. Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu məqsədlə bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində mühüm rol oynayıb. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.