Ermənistanın Baş naziri Nikol Paşinyanın seçki kampaniyası müddətində yaxasında gəzdirdiyi ölkənin xəritəsinin təsviri olan sancağı diqqət çəkib.
Bəzi iddialara görə, əvvəllər bu xəritə yalnız 29,8 min kvadratkilometr ərazini əhatə etdiyi halda, son vaxtlar həmin təsvirə Başkənd də daxil edilib. Bu isə Azərbaycan–Ermənistan münasibətləri və sülh prosesinin gələcəyi ilə bağlı narahatlıqlara səbəb olub.
Xəritədə Başkənd də əks olunubmu? Rəsmi Bakının mövqeyi necə olacaq?
Globalinfo.az-a danışan tarixçi-politoloq Faiq Ələkbərli deyib ki, Nikol Paşinyanın yaxasında taxdığı sancağın son görüntülərində Başkənd yoxdur:
“Bir vaxtlar Paşinyan əlində kiçik bir hissəcik tuturdu. Başkənd həmin hissə idi. Əgər deyilən kimi sancağa əlavə edilsəydi, bu, açıq şəkildə görünərdi. Ona görə də iddialar reallığı əks etdirmir.

Paşinyan daha əvvəl keçirilən brifinqdə Başkənd və Ermənistan xəritəsini göstərir
Nikol Paşinyan xeyli müddətdir 29 min kvadratkilometr Ermənistan xəritəsini qorumaq fikrini müdafiə edir və bu istiqamətdə təbliğat aparır. Başkənd ərazisinin həmin 29 min kvadratkilometrə daxil edilməsi isə şübhəli və mübahisəli məsələdir. Gədəbəy rayonu ərazisində yerləşən Başkənd qədim Azərbaycan torpağıdır. Ümumiyyətlə, indiki Ermənistan ərazisi də tarixən Azərbaycan və türk torpaqları olub. Sadəcə sovet dövründə müəyyən ərazilər Ermənistana verilib. İndiki halda Paşinyanın Başkəndə iddia etməsi vəziyyəti gərginləşdirər və sülh prosesinə zərbə vurar.
Ermənistan hökuməti bu cür təxribatlara yol verməz. Söhbət yalnız Başkənddən getmir. Nikol Paşinyan hakimiyyəti dövründə sülh prosesinə əngəl yaradan addımlardan çəkinməlidir. O, ağıllı siyasət yürütməlidir. Başkənddən birdəfəlik imtina etməlidir. Hətta Azərbaycanın da indiki Ermənistanın bəzi ərazilərinə iddia qaldırmaq arqumenti var. Çünki burada Qərbi Zəngəzur, Göyçə, Dərələyəz və digər bölgələr mövcuddur. Bu, Ermənistan üçün ciddi problem yarada bilər. Paşinyanın belə bir addım atacağını və təxribat törədəcəyini düşünmürəm”.

Faiq Ələkbərli
Siyasi şərhçi Əziz Əlibəyli isə bildirib ki, Azərbaycan Başkənd məsələsində güzəştə getməməlidir:
“Biz milli təhlükəsizlik baxımından bu məsələləri ciddi şəkildə nəzərə almalıyıq. Son 100 ildə baş verənlər göstərir ki, xəritə və coğrafi dəyişikliklərin siyasətə təsiri böyük olub. Güzəştə gedilən mövqelər sonradan daha böyük problemlərə çevrilib.

Əziz Əlibəyli
Azərbaycan hazırkı vəziyyətdə üstün və qalib tərəfdir və bu məsələdə sülh gündəliyində qətiyyətli olmalıdır. Başkənd kimi strateji əhəmiyyətli bir nöqtənin hər hansı formada Ermənistana verilməsi Gədəbəy, Tovuz, Şəmkir və ümumilikdə Kürün sağ sahili üçün gələcəkdə ciddi təhlükələr yarada bilər. Bu prosesi dayandırmaq lazımdır. Sözügedən bölgə ilə bağlı hər hansı güzəşt yolverilməzdir”.
Safura Bənnayeva
Globalinfo.az