Azərbaycan Ordusu əməliyyatlara başlaya bilər

Ermənistanla sərhədin delimitasiyasında rəsmi Bakının əsas tələblərindən biri də Qazaxın işğal altında qalan 7 və Naxçıvanın Kərki kəndinin geri qaytarılmasıdır. Ermənistan anklav olan 4 kəndin qaytarılmasında maraqlı olduğunu deyir, digər kəndlərlə bağlı isə barışmaz mövqe sərgiləyir.  

Azərbaycan antiterror əməliyyatı ilə anklav kəndləri işğaldan azad edə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Azərbaycanın işğal altında olan 8 kəndinin 4-ü anklavdır, yəni tamamilə Ermənsitan ərazisində yerləşir:

“4 kənd isə Azərbaycana bağlıdır. Ermənistan hansı əraziləri qaytarmaq istədiyini heç özü də bilmir. 8 kəndin hər biri ilə bağlı müəyyən problemlər var. Naxçıvanın Kərki kəndi Ermənistandan İrana, Qazaxın anklav kəndləri isə Ermənistandan Gürcüstana gedən magistralın üzərində yerləşir. Bu kəndlərin qaytarılması ermənilər üçün ciddi problemlər yaradır. Buna görə də ilk növbədə anklav kəndləri geri verməmək üçün əllərindən gələni edirlər”.

Politoloq qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 3 anklav kəndin qaytarılmasından danışsa da, real addım atılmadı:

“Kəndlərin qaytarılması üçün hərbi əməliyyat keçirmək Azərbaycanın haqqıdır. Çünki işğal altında 150 kvadrat kilometrə qədər ərazimiz var. O torpaqları azad etməyimizə heç kim mane ola bilməz. Lakin hələlik danışıqlar yoluna üstünlük veririk. Ümid edirik ki, Ermənistan yaxın zamanlarda həmin 8 kəndin geri qaytarılmasının qaçılmaz olduğunu anlayacaq”.

Safura Bənnayeva
Globalinfo.az