“Azərbaycan Nəşriyyatının doqquzmərtəbəli əsas korpusu müvəqqəti olaraq təmirə bağlanır. Təmir işləri başa çatdıqdan sonra bina yenidən nəşriyyatın istifadəsinə veriləcək. Məsələ yalnız texniki təmirlə bağlıdır, Azərbaycan Nəşriyyatının fəaliyyətinin dayandırılması nəzərdə tutulmur”.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq “Azərbaycan Nəşriyyatı” MMC-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Nəşriyyatının fəaliyyətini harada davam etdirəcəyi ilə bağlı artıq qərar qəbul olunub. Belə ki, nəşriyyat inzibati binaya yaxın ərazidə yerləşən, sahəsi daha kiçik olan başqa bir binaya köçürülüb.
“Bu bina da bizim mülkiyyətimizdir. Təmir müddətində nəşriyyat fəaliyyətini orada davam etdirəcək. Təmirin nə qədər davam edəcəyi ilə bağlı isə hələlik dəqiq bir söz demək mümkün deyil”, – deyə məlumatda qeyd olunub.
Qeyd olunub ki, Azərbaycan Nəşriyyatının binasında yerləşən digər nəşriyyatlara əvvəlcədən məlumat verilib: “Həmin nəşriyyatların harada yerləşdirilməsi isə artıq nəşriyyat rəhbərliyinin səlahiyyətinə aid deyil”.
***12:00
“Azərbaycan Nəşriyyatı” MMC öz fəaliyyəti davam etdirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq nəşriyyatdan bildirilib.
“Söhbət yalnız 9 mərtəbəli korpusun istismarının dayandırılmasından gedir, nəşriyyat isə işləyəcək”.
***11:50
“Azərbaycan Nəşriyyatı” MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.
Globalinfo.az-ın xəbərinə görə, MMC-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib.
Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.
Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.
Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:
“Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib”.
Qeyd edək ki, artıq binada köçürülmə prosesi başlayıb.