Moskvada MDB İqtisadi Şurasının 104-cü iclası keçirilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Aleksey Overçuk və MDB-nin Baş katibi Sergey Lebedev Rusiyanın MDB-yə sədrliyi dövründə görülən işlərlə bağlı məruzələrlə çıxış ediblər. MDB Sərgi, Yarmarka və Konqres Fəaliyyəti üzrə Dövlətlərarası Şurasının 2018-2023-cü illərdə fəaliyyəti haqqında hesabatı iştirakçılara MDB-nin Sərgi-Yarmarka Fəaliyyəti üzrə Dövlətlərarası Şurasının rəhbəri, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) baş direktoru Sergey Şoqurov təqdim edib. Qeyd olunub ki, 2002-ci ildən etibarən MDB Dövlət Başçıları Şurasının Qərarına uyğun olaraq VDNX-da Birlik dövlətlərinin daimi sərgi pavilyonlarının yaradılması istiqamətində iş aparılır. Bu prosesdə Sərgi, Yarmarka və Konqres Fəaliyyəti üzrə Dövlətlərarası Şura mühüm rol oynayır.
Birlik ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri MDB-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri, o cümlədən prioritet sahələrin siyahısını və milli sənaye inkişafı strategiyalarına əsaslanan sənaye kooperasiyasında əməkdaşlıq sahələrini, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlər kompleksini, istehsalatda bədbəxt hadisələrin araşdırılması qaydası haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol layihəsini müzakirə ediblər. MDB İqtisadi Şurasının növbəti iclasının 2025-ci il aprelin 28-də Daşkənd şəhərində keçirilməsi qərara alınıb.
Qeyd edək ki, uzun fasilədən sonra Ermənistan da MDB İqtisadi Şurasının iclasına qatılıb. Belə ki, daha Ermənistanı tədbirdə Belarusdakı səfiri Razmik Xumaryan deyil, respublikanın baş nazirinin müavini Mqer Qriqoryan təmsil edib.
***13:27
Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının 104-cü iclasında iştirak edib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, iclas çərçivəsində iqtisadi əməkdaşlığa dair geniş spektrli məsələlər müzakirə edilib.
İqtisadi Şuranın üzvləri MDB ölkələrinin ümumi əmək bazarının mərhələli şəkildə formalaşdırılması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi Konsepsiyasını təsdiqləyiblər ki, bu da sosial-əmək münasibətləri sahəsində əməkdaşlığın daha da inkişafına töhfə verəcək.