Azərbaycan millisi “Zaqreb Open”in qalibi oldu

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirinin qalibi olub.

Globalinfo.az bildirir ki, Aleksandr Tarakanovun rəhbərlik etdiyi kollektiv 2 qızıl, 1 bürünc medalla buna nail olub.

Komandamızın heyətində Ülvi Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, Həsrət Cəfərov (67 kq) üçüncü yeri tutub. Murad Məmmədov (63 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) isə 5-ci olaraq yığmanın hesabına xal yazdırıblar.

Nəticədə Azərbaycan millisi 95 xalla komanda hesabında “Zaqreb Open”in ən yaxşısı olub. Macarıstan 90 xalla ikinci, Türkiyə isə 81 xalla üçüncü yeri tutublar.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan yığması 54 xalla komanda hesabında 4-cü olub. Qadınlardan ibarət milli isə 31 xalla 12-ci pillədə qərarlaşıb.