Azərbaycan İsrailə nə qədər neft satır? – Açıqlandı

 

Bir qədər əvvəl “Fələstin Üçün Min Gənc” təşkilatı SOCAR-ın İstanbul ofisinə basqın edib. Təxribatçılar SOCAR-ın İsrailə neft satdığını iddia edərək, bu ticarətin dərhal dayandırılmasını istəyiblər. Bu addımın Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq məqsədi daşıdığı bildirilir. Lakin proses Bakı ilə Təl-Əviv arasında neft ticarətinin statistikasını gündəmə gətirib.

Maraqlıdır, Azərbaycan İsrailə ildə nə qədər neft satır?

Globalinfo.az-a danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyib ki, Azərbaycanla İsrail arasında neft alış-verişinin tarixi, treyderlərin dili ilə desək, qədimdir:

“Yəni İsrail Azərbaycan neftinin alıcısı kimi 90-cı illərin sonundan çıxış edib – “Azəri Ligth” markalı neft SUPSA-dan ixrac olunmağa başlayandan.

Türkiyə-İsrail münasibətləri isə neftin qiymətinə bənzər sinusoidal xətlə inkişaf edib: gah qalxır, gah enir, gah da bir müddət stabil olur. Bu iki ölkə arasında münasibətlər “zilə” qalxsa da, heç zaman düşmənçilik səviyyəsində olmayıb və çox güman ki, olmayacaq da. Bu baxımdan SOCAR-ı kim(lər)insə Türkiyədə günahlandırmasını hay-küyün aşan-coşan emosionallığı kimi də qəbul etmək olar.

“SOCAR Türkiyə” bəyan edib ki, Azərbaycan Dövlət Neft Şirkəti İsrailə neft satmır. Terminalda ondan nefti treyderlər alır və sonra kimə satırlar, öz işləridir”.

İlham Şabanov necə İlham Şaban oldu...

İ.Şaban bildirib ki, 2023-cü ilin yekunlarına görə, İsrailə Azərbaycandan 2 mln 270,3 min ton xam neft ixrac edilib və bunun bəyan edilən dəyəri 1 mlrd 394,2 mln dollar təşkil edib:

“Cari ilin I rübü ərzində isə İsrail Azərbaycandan 1 mln 21,9 min ton neftin ixracı üçün 621,08 mln dollar vəsait ödəyib. Lakin bu o demək deyil ki, İsrail bazarında satılan neftin sahibi SOCAR olub. Məntiqlə SOCAR-dan əlavə bizdə istənilən xarici şirkət(lər) bu neftin sahibi rolunda çıxış edə bilər.

Ona görə də “SOCAR Türkiyə” şirkətinin açıqladığı “SOCAR İsrailə neft satmır” bəyanatı məntiqlidir”.

Safura Bənnayeva
Globalinfo.az