“Azərbaycan hakimiyyətini şantaj edirlər” – AP-nin gözlənilən qətnaməsinə sərt reaksiya

Avropa Parlamentinin 14 martda Azərbaycanla bağlı yeni qətnamə qəbul edəcəyi gözlənilir. Məlumata görə, qətnamədə siyasi məhbusların azadlığı, sərbəst toplaşma azadlığının təmin edilməsi və “Siyasi partiyalar haqqında” qanuna etirazın yer aldığı bildirilir. Həmçinin Avropa Birliyinin Azərbaycanda insan hüquqlarını pozan vəzifəli şəxslərə sanksiya tətbiq edəcəyi də deyilir.

Avropa Parlamentinin bu kimi addımları nədən qaynaqlanır? Sözügedən qətnamənin qəbulu reallaşarsa, Azərbaycan bu mövzuda hansı addımlar atmalı, necə reaksiya verməlidir?

Siyasi elmlər doktoru, millət vəkili Hikmət Babaoğlu məsələ ilə bağlı Globalinfo.az-a bildirib ki, eyni təzyiqlər başqa dövlətlərə qarşı da tətbiq edilir:

“Avropa İttifaqının bütün struktur tərkibi olan institutlaşmış təşkilatları, o cümlədən, Avropa Parlamenti Aİ-nin marağına xidmət etməklə onun xarici siyasətinin həyata keçirilməsi üçün mexanizm rolunu oynayır. İttifaq öz maraqlarını təmin etmək üçün üzv ölkələrin üzərində təzyiq yaradır. Onları zaman-zaman siyasi və hüquqi spekulyasiyalara məruz qoyaraq istismar edir. İlk dəfə deyil ki, Avropa İttifaqının, Avropa Parlamentinin, Avropa Şurasının və digər bu kimi qurumların öz maraqları naminə qeyri-obyektiv qərarlarla milli dövlətlərin fəaliyyətinə nəzarət etmə istəklərinə şahid oluruq.

Hazırda Avropa Parlamenti ölkəmizə qarşı belə bir addım atmaq ərəfəsindədir. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və daha da güclənir. Avropa İttifaqına üzv olan bəzi ölkələr, imperialist mərkəzlər isə Azərbaycanın Qarabağa nəzarəti tam bərpa edərək, bu ərazidə suveren hüquqlarını özünə qaytarmasında maraqlı deyillər. Beləliklə bu kimi dolayı yollarla Azərbaycan hakimiyyətini, dövlətini siyasi şantaj edirlər”.

Hikmət Babaoğlu

Millət vəkili qurumun məqsədinin başqa olduğunu və Azərbaycanın sona kimi mübarizə aparacağını qeyd edib:

“Əgər Avropa Parlamentini həqiqətən siyasi məhbuslar, sərbəst toplaşma hüququ maraqlandırırsa, dönüb Qərbdə Fransaya nəzər yetirsin. Orada nələr baş verdiyinə baxsın və görsün ki, korsikalıların ana dillərində danışmaq hüquqları necə əllərindən alınır. Həmçinin Avropanın müxtəlif ölkələrinin terrorizmi necə himayə etmələri ilə üzləşsin. Sözügedən qurum görsün ki, Avropanın qərb ucqarlarında yaşayan xalqları liderləri siyasi tələblərinə görə necə həbs edirlər. Hamısı da sinxron şəkildə bir-birinin qərarlarını dəstəkləyir. Ona görə də burada nə insan hüquqlarından, nə də siyasi məhbuslardan söhbət gedə bilməz. Bunlar hamısı sözügedən qurumların milli dövlətlərə təzyiq etmək məqsədilə düşündükləri terminlərdir.
Azərbaycan buna qarşı sona qədər mübarizə aparacaq. Madam ki, biz Avropa Parlamentində təmsil olunuruq və onun özünəməxsus oyun qaydaları var, biz də buna uyğun şəkildə mübarizə aparacağıq. Azərbaycan müstəqil dövlətdir, bu kimi siyasi spekulyasiyalarla bizə təzyiq göstərmək mümkün olmayacaq”.

Gözlənilən qətnamənin qəbul ediləcəyi təqdirdə Azərbaycanın hansı addımlar atacağı, necə reaksiya verəcəyi də ayrıca müzakirə edilir.
Mövzu ilə bağlı Xarici İşlər Nazirliyindən Globalinfo.az-a bildirilib ki, erkəndən münasibət bildirmək çətindir, Azərbaycanın reaksiyası qətnamənin hansı formada olacağından asılıdır.

Ayşən Mustafa
Globalinfo.az