“Qarabağ”ın əməkdaşı mötəbər quruma üzv seçildi

“Bu gün “Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərovla bağlı xoş bir xəbər aldıq. O, özündə 500-ə yaxın klubu birləşdirən Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İcraiyyə Şurasına üzv seçilib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov deyib.

Onun sözlərinə görə, ECA futbol dünyasının mötəbər təşkilatlarından sayılır:

“Məhz bu qurumun 24 nəfərdən ibarət şurasının yekun qərar və tövsiyəsi ilə UEFA Avropada klub səviyyəli futbol yarışlarının gələcəyini müəyyənləşdirir. ECA Avropada klub səviyyəli yeganə təşkilatdır ki, UEFA onun tanıyır və qəbul edir.

Şurada dünya futboluna güclü təsiri olan şəxslər toplaşıb. PSJ-nin prezidenti, ərəb oliqarx Naser Əl-Xəlaifinin rəhbərlik etdiyi şurada “Ayaks”, “Atletiko”, “Arsenal”, “Tottenhem”, “Borussiya” (Dortmund),  “Bayer”, “Roma”, “Milan”, “Fənərbaxça” kimi nüfuzlu klubların rəhbər şəxsləri də təmsil olunub. Belə bir mötəbər klublar sırasında Azərbaycan təmsilçisi “Qarabağ” və onun nümayəndəsi Asif Əsgərovun təmsil olunması bütövlükdə futbolumuz üçün qürurverici faktdır. Səs çoxluğu ilə ECA Şurasına üzv seçilən A.Əsgərov beynəlxalq nüfuzlu futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub.

Asif Əsgərovu təbrik edir, Azərbaycan futbolu üçün bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram”.

Turan Rzayev
Globalinfo.az