Azərbaycan-Əfqanıstan münasibətləri niyə zəiflədi? – Politoloq detalları açdı

“ABŞ ordusunun Əfqanıstanı tərk etməsi rəsmi Kabilin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasını gerçəkləşdirmədi. Vaşinqton beynəlxalq aləmi əvvəlkitək inandırmağa çalışır ki, ABŞ ordusunun Əfqanıstanı tərk etməkdən başqa alternativi yox idi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq Taliban rejiminin Əfqanıstanın iqtisadi problemlərini həll edə bilməməsinə diqqət çəkib:

“Taliban ABŞ banklarındakı Əfqanıstana aid olan 7 milyard dolları əldə edə bilmir. Vaşinqton bu maliyyəni ona görə vermir ki, Taliban güclənməsin. ABŞ-də hesab edirlər ki, bu maliyyədən Taliban başqa məqsədlər üçün istifadə edə bilər və bu, Amerikaya təhlükəsizlik problemləri yaradar. Misal üçün, Talibanın bölgənin bir neçə radikal qruplaşmaları ilə ittifaqı mövcuddur. Həmin qruplaşmalar isə ABŞ-ni düşmən sayırlar.

Vaşinqton Talibana müxalif olan qruplaşmalar və siyasi qruplarla əlaqələrini kəsməyib. Doğrudur, həmin qruplar Talibanla mübarizədə gücsüzdürlər, ancaq gələcəkdə durumun onların xeyrinə dəyişəcəyi istisna deyil. Talibanın iqtisadi problemləri həll edə bilməməsi bu qruplaşmanın Əfqanıstandakı mövqelərini istər-istəməz zəiflədir.

Bu arada, Moskva və Pekin Talibanla təmaslara ara vermirlər. Moskvanın Talibandan əsas istəyi odur ki, bu qruplaşma Rusiyanı hədəf alan terrorçu qruplarla əməkdaşlıq etməsin və Mərkəzi Asiya ölkələrinə təhlükə yaratmasın. Moskva Rusiyanın Tacikistandakı hərbi bazasının təhlükəsizliyini düşünür. Rusiya Əfqanıstana müəyyən miqdarda humanitar yardım göndərir”.

E.Şahinoğlunun sözlərinə görə, Talibanın bölgədəki əsas tərəfdaşı Çindir:

“Taliban Kabili ələ keçirməzdən əvvəl də Çin rəsmiləri ilə sıx əlaqələri var idi. Pekinin Talibandan əsas istəyi Əfqanıstandakı uyğurların silahlı qruplaşmaları ilə əməkdaşlıqdan imtina etməsi idi. Pekin Talibana böyük yatırımlar vəd etmişdi. Ancaq Çin Əfqanıstana yatırım qoymağa tələsmir. Bu məsələ uzanır. Çinin iqtisadi dəhlizi Pakistandan Əfqanıstana uzatması təklifi də reallaşmayıb. Pekin Əfqanıstanın mövcud olmayan infrastrukturunu maliyyələşdirmək istəmir. Taliban Çinin “Bir kəmər, Bir yol” layihəsindən də kənarda qalıb. Taliban rəhbərliyi bu məsələ ilə bağlı dəfələrlə Pekinə müraciət edib, tranzit məqsədilə Əfqanıstan ərazisindən istifadə etməsini istəyib, ancaq cavab yoxdur. Bundan başqa, Moskva və Pekin Əfqanıstanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə də şərait yaratmırlar. Qərb dövlətləri Talibanın legitimliyini tanımadıqlarına görə Moskva və Pekin də ehtiyatlı mövqe tutublar.

Taliban güc yolu ilə hakimiyyətə gəldikdən sonra Azərbaycanın da Əfqanıstanla əlaqələri obyektiv səbəblərdən zəifləyib. Halbuki rəsmi Bakı Talibandan əvvəlki Əfqanıstan hökumətləri ilə sıx əməkdaşlıq edirdi. Azərbaycan Əfqanıstana maliyyə yardımı edir, əfqan məmurların Bakıda kurslarda iştirakına şərait yaradırdı. İndi vəziyyət dəyişib”.

Turan Rzayev
Globalinfo.az