irevan baki 113

Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın saxlanılması Azərbaycanda geniş müzakirə edilir. Onların saxlanılma səbəbləri haqda müxtəlif fikirlər səsləndirilir. Əksəriyyət hesab edir ki, Köçəryan və Sərkisyan Azərbaycana qarşı törətdikləri cinayətlərə və qətllərə görə Bakıya təhvil verilməlidirlər. Ermənistanın “mənəvi səbəblərə görə” bu addımı atmayacağını düşünənlərlə yanaşı, buna gedəcəyini hesab edənlər də var.

Bəs Ermənistan hansı halda Robert Köçəryan və Serj Sərkisyanı Azərbaycana təhvil verə bilər?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, həmin şəxslər Azərbaycan ərazilərinin işğalı dövründə çox ağır cinayətlər törədiblər:

“Bu əməllər bütün dünya dövlətlərində, o cümlədən Ermənistanda və Azərbaycanda cinayət hesab olunur. Əslində, Azərbaycan və Ermənistanın konstitusiyalarında həmin ölkə vətəndaşlarının digər dövlətə verilməsi qadağan olunur, lakin istisnalar var. Əgər dövlət digər dövlətlə bağladığı və ya ratifikasiya etdiyi beynəlxalq sənədlə müəyyən cinayətləri törətmiş şəxslərin təhvil verilməsini öz öhdəsinə götürübsə, o halda həmin şəxslərin verilməsi mümkündür. Robert Köçəryan və Serj Sərkisyanla bağlı məsələ də bu çərçivədə həyata keçirilə bilər. Bunun üçün onlar həm də Azərbaycanda məsuliyyətə cəlb edilməlidirlər, amma hələ ki bu baş verməyib”.

xeyal besirov

Xəyal Bəşirov

X.Bəşirov bildirib ki, Robert Köçəryan və Serj Sərkisyanla bağlı tamamilə fərqli hüquqi mənzərə ortaya çıxır:

“Əslində, Köçəryan və Sərkisyan Ermənistan vətəndaşı olmadan Ermənistan prezidenti seçiliblər. Belə olan halda Robert Köçəryanın 1998-ci ildə Ermənistan prezidenti seçilməsi ilə bağlı ciddi hüquqi suallar meydana çıxır. Çünki 1995-ci il Ermənistan Konstitusiyasına əsasən, prezidentliyə namizəd müəyyən müddət ərzində Ermənistan vətəndaşı olmalı, ölkədə daimi yaşamalı və digər konstitusion tələblərə cavab verməli idi. Robert Köçəryan isə Qarabağda doğulmuş və həmin dövrdə Ermənistan vətəndaşlığını qəbul etməmiş şəxs kimi prezident seçilib.

Əsas məqam da onların Qarabağda doğulmasıdır. Bu ərazi həm sovet dövründə, həm də sonra beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınıb. Yəni Robert və Serj hüquq baxımından Azərbaycan vətəndaşı hesab olunurlar. Onların törətdikləri cinayətlərə görə isə Ermənistan Konstitusiyasının 55-ci maddəsi qüvvəyə minmir. Bu maddədə nəzərdə tutulub ki, Ermənistan vətəndaşları bəzi hallar istisna olmaqla, heç bir halda digər dövlətə verilmir. Bu məntiqlə yanaşdıqda, Robert Köçəryan və Serj Sərkisyan Ermənistan vətəndaşı deyillərsə, onlar Azərbaycana qarşı cinayətlərinə görə Bakıya təhvil verilməlidirlər və bu, Ermənistan Konstitusiyasına zidd deyil”.

Hüquqşünas hesab edir ki, Ermənistan hakimiyyəti həmin şəxslərin Azərbaycana verilməsi məsələsinə hüquqi müstəvidə yanaşmalıdır:

“Əgər Nikol Paşinyan hakimiyyəti qanunlardan və konstitusiyadan danışırsa, eyni zamanda 1995-ci il Konstitusiyasının müddəaları ilə bağlı ziddiyyətli məqamları gündəmə gətirirsə, o zaman həm Serj Sərkisyanı, həm də Robert Köçəryanı Azərbaycana verməlidir. Azərbaycan isə onları digər şəxslər kimi törətdikləri əməllərə görə məsuliyyətə cəlb etməli və Azərbaycanla Ermənistan arasında düşmənçiliyə səbəb olmuş cinayətlərin cavabını verməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: