Burada gəlin-qayınana, ər-arvad davası gedir – Aqil Abbas sərt danışdı

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11870 nikah və 5118 boşanma halları qeydə alınıb. Məlum olub ki, ötən illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,7- yə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,0-a qədər artıb. Boşanma səbəbində isə 36 faiz narkotikin payına düşür. Bu gün boşanma və narkomaniyanın qarşısı necə alınmalıdır?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, boşanmalarda ilk növbədə özəl verilişlər dayanır.

Onun sözlərinə görə, həmin proqramlar təcili bağlanmalıdır:

“Hərəsi mentalitetimizə, əxlaqımıza zidd bir veriliş açıb, oturub efirdə. Nə vaxt baxırsan, efirlərdə gəlin-qayınana, ər-arvad davası gedir. İlk növbədə bu kimi əxlaqsızlığı təbliğ edən verilişlər bağlanmalıdır. Bu proqramları Azərbaycanda əxlaqsızlığı yaymaq məqsədilə edirlər. Dünən eşitdim ki, İngiltərə səfirliyinin qarşısında LGBT bayrağı asılıb. Elə Avropanın özü də əxlaqı pozmağa çalışır”.

Aqil Abbas

Millət vəkili deyib ki, boşanmalar üçün başqa səbəblər isə narkotik, maddi vəziyyətdir:

“Narkotikə qarşı mübarizə aparılsa da, qarşısını almaq olmur. Çünki bəzi qüvvələr, xüsusən qonşu ölkə narkotikin ölkəmizdə yayılması üçün əlindən gələni edir.

Daha bir səbəb isə maddi durumun aşağı olmasıdır. İndiki gənclərin çoxu ailə qurduqdan sonra kasıblığa dözmür. Ona görə də ailə qurmazdan əvvəl bu şeyləri fikirləşmək lazımdır. Nəticədə ehtiyac ucbatından ailə dağılmış olur. Evlənməyin bəlli bir yaşı olmalıdır. 18 yaşında oğlanı evləndirmək olmaz. O nə bilir ata olmaq nədir, ya qız nə bilir, kiçik yaşda ana nədir, məsuliyyət nədir?! O qədər çatışmayan şey var ki, saysam, bitməz. Amma burada da televiziyaların rolu var”.

A.Abbas deyib ki, rayonlarda mütləq iş yerləri açılmalıdır:

“Anlayıram, ölkə müharibədən çıxsa da, lakin müharibə tam bitməyib. Bu dəqiqə hökumətdən filan qədər iş yeri açmağını tələb edə bilmərik. Amma müəyyən qədər iş yeri mütləq olmalıdır. Kəndlilərimizin qazanc ardınca şəhərə qaçmamasının qarşısını almaq istəyiriksə, onlara rayonda əkib-becərmək üçün hər cür şərait yaradılmalıdır ki, cavanlar da torpaqlarını atıb, gəlib Bakıda taksi sürməsinlər və ya fəhlə işləməsinlər. Onların kənddə şəraiti olsa, inanın ki, şəhərə qaçmazlar. Ona görə də rayonda yaşayan camaatın ailəsini dolandıra bilməsi üçün təcili iş yerləri açılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az